BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz manevr ölümə səbəb oldu: sürücü 5 il 1 ay azadlıqdan məhrum edildi

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Əlvan İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 27 avqust 2025-ci il tarixində saat 12:16 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində, Neftçilər prospektində baş verib.


Belə ki, İsmayılov Əlvan Heybət oğlu etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Hongqi EQM5" markalı minik avtomobili ilə Neftçilər prospekti istiqamətində hərəkətdə olarkən Rəşid Behbudov küçəsinə dönmək məqsədilə hərəkət zolağını dəyişmək istəyib. O, "Yol hərəkəti haqqında" Qanunun manevr etmə qaydalarını tənzimləyən tələblərinə əməl etməyib. Sürücü dönmə və zolaq dəyişmə zamanı təhlükəsizliyin təmin olunması, digər hərəkət iştirakçılarına maneə yaradılmaması və müvafiq kənar vəziyyət tutulması barədə qanunvericiliyin tələblərini pozaraq birinci zolaqdan dördüncü zolağa doğru hərəkətini davam etdirib.


Həmin vaxt avtomobillə eyni istiqamətdə hərəkət edən 2001-ci il təvəllüdlü Yəhya Zeynalzadənin idarə etdiyi "Zontes" markalı motosiklet maşının sol ön hissəsi ilə toqquşub. Toqquşmanın təsirindən Yəhya Zeynalzadə nəqliyyat vasitəsindən yıxılıb, motosikletlə birlikdə asfalt örtüyü üzərində sürüşərək yolun kənarındakı beton maneələrə çırpılıb.


Hadisə nəticəsində zərərçəkmiş ağır kəllə-beyin travması, baş beynin müxtəlif nahiyələrinə qansızmalar, kəllə sümüklərinin çoxsaylı sınıqları, daxili orqanların zədələnməsi, körpücük sümüyünün sınığı, üz nahiyəsinin, döş qəfəsinin və bədənin müxtəlif hissələrinin çoxsaylı xəsarətləri də daxil olmaqla həyat üçün təhlükəli ağır bədən xəsarətləri alıb.


Ekspertiza rəylərinə əsasən, aldığı çoxsaylı ağır xəsarətlər nəticəsində zərərçəkmiş ehtiyatsızlıqdan həyatını itirib.


Səbail Rayon Məhkəməsinin hökmü ilə Əlvan İsmayılov 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, məhkum təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Kamal Məmmədov 

Tarix: 29 İyul 2026, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin