BURADA REKLAMINIZ OLA
BİLƏR

30 illik arvadını qısqanclıq zəminində öldürən şəxs: “Polislərə "bu bıçaq, bu da mən, həyat yoldaşımı qətlə yetirdim" söylədim”

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işinin bəzi detalları məlum olub.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttiham aktına əsasən, təqsirləndirilən şəxs həyat yoldaşı Şəhla Hüseynova ilə paytaxtın Yasamal rayonunda kirayədə yaşayıb.
 

2026-cı ilin fevral ayında ər-arvad marketdən alış-veriş edərkən tanımadıqları orta yaşlı kişi aldıqları ərzaqların pulunu ödəyərək onlara verib. Bir neçə gün sonra isə İlham Hüseynov həmin şəxsi yaşadıqları ünvanın yaxınlığında yenidən gördüyünü, daha sonra gizli şəkildə həyat yoldaşını izləyərkən həmin kişinin ona pul verdiyinin şahidi olduğunu iddia edib.


Bu hadisələrdən sonra təqsirləndirilən şəxsdə arvadının həmin kişi ilə yaxın münasibətdə olması barədə şübhələr yaranıb. O, bu məsələ ilə bağlı dəfələrlə həyat yoldaşına irad bildirsə də, aralarında mübahisələr davam edib.
 

Sonradan qadına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir dəstə gül hədiyyə olunması İlham Hüseynovun şübhələrini daha da artırıb. O, güllərin də eyni şəxs tərəfindən göndərildiyini düşünərək həyat yoldaşının münasibətlərini davam etdirdiyi qənaətinə gəlib.
 

Hadisə günü – mart ayında axşam saatlarında ər-arvad arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Şəhlanın onu təhqir etdiyi, ayrılmaq istədiyini və evdən çıxmasını tələb etdiyi bildirilir. İlham Hüseynov həyat yoldaşının onu tərk edərək başqa şəxslə birlikdə olmaq istədiyini düşündüyündən qadını öldürmək qərarına gəlib. O, otaqdakı masanın üzərində olan mətbəx bıçağını götürərək qadına hücum edib. Müqavimət göstərən həyat yoldaşına ardıcıl çoxsaylı bıçaq zərbələri endirib.
 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin bədənində ümumilikdə 10 deşilmiş-kəsilmiş yara aşkarlanıb. Onlardan yeddisi sağlamlığa yüngül zərər vurub, üçü isə döş qəfəsinə nüfuz edən, həyat üçün təhlükəli ağır xəsarətlər olub. Qadın kəskin qan itirmədən hadisə yerində həyatını itirib.
 

Məhkəmə iclasında ifadə verən İlham Hüseynov ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
 

O söyləyib ki, arvadı Şəhla Hüseynova ilə təxminən 30 il ailə həyatı yaşayıblar. Mərhum arvadı Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi kimi çalışmış, həmçinin onlar boş şüşə butulkalar və sair yığıb sataraq dolanışıqlarını təmin etmişlər.


Onun sözlərinə görə, hər gün səhər həyat yoldaşına küçələrin təmizlənməsi işində kömək edir, daha sonra öz işinə gedirdi. Son vaxtlar isə qadının hər axşam evə həddindən artıq halsız və yorğun qayıtması onda şübhə yaradıb.
 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə gün işdən icazə alaraq Şəhlanı izləyib və onun küçədə işləyərkən naməlum avtomobilin sürücüsü ilə görüşdüyünü, həmin şəxsin qadına pul verdiyini, daha sonra isə maşınla birlikdə uzaqlaşdıqlarını gördüyünü bildirib.


İlham Hüseynov deyib ki, həmin hadisədən sonra həyat yoldaşı ilə söhbət edərək başqa rayona köçməyi və yeni həyata başlamağı təklif etsə də, razılıq əldə olunmayıb. Bundan sonra qadını öldürmək qərarına gəlib və bu qərarını əvvəlcədən planlaşdırıb. Hətta hadisədən təxminən 10 gün əvvəl cəzaçəkmə müəssisəsində olan oğullarını ziyarət edərək yaxın vaxtlarda yenidən görüşəcəklərini söylədiyini məhkəmədə etiraf edib.


İfadəsində o bildirib ki, hadisə günü işə getməyərək mağazadan mətbəx bıçağı alıb və axşam Şəhlanın evə qayıtdıqdan sonra aralarında yenidən mübahisə yaranıb. Onun iddiasına görə, qadın "Səninlə yaşamaq istəmirəm, mənim başqası var" dedikdən sonra əvvəlcədən aldığı bıçaqla ona ardıcıl zərbələr endirib.


İlham Hüseynov məhkəmədə qadının öldüyünə əmin olmaq üçün bir müddət onun yanında gözlədiyini, daha sonra isə cinayət aləti olan bıçağı götürərək Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə getdiyini bildirib. O, polis əməkdaşlarına "bu bıçaq, bu da mən, həyat yoldaşımı öldürmüşəm" dediyini ifadəsində təsdiqləyib.
 

Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs əməlini həyat yoldaşının ona xəyanət etdiyini düşündüyü üçün törətdiyini bildirib. O, hadisə zamanı evdə başqa heç kimin olmadığını, cinayəti tək törətdiyini qeyd edib.


Məhkəmənin sonunda İlham Hüseynov törətdiyi əməldən peşman olduğunu, uşaqlarının anasız qaldığına görə peşmanlıq hissi keçirdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: İlham Hüseynov MTK-ların birində fəhlə işləyirmiş. 

 

Kamal Məmmədov 

Tarix: 31 İyul 2026, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin