BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkotik üstündə yaranan mübahisə bıçaqlanma ilə nəticələndi – HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Yuriy Maksimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.


İttiham aktına əsasən, hadisə 2026-cı ildə saat 19:38 radələrində paytaxtın Xətai rayonu ərazisində baş verib.


Belə ki, həmin vaxt Yuriy Maksimovun tanışları olan zərərçəkmiş şəxslər – Anar Həmidovla Vüsal Bayramov (soyadları şərtidir) ondan narkotik vasitə olan marixuananın tapılmasını istəyiblər. Bu məsələ ətrafında tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs özünə məxsus mopedin üzərində olan, istintaqla növü müəyyən edilməyən bıçaqdan istifadə edərək əvvəlcə Anara hücum edib. Ona sağ kürək və sağ bel nahiyələrindən iki bıçaq zərbəsi endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirib.


Təqsirləndirilən şəxs daha sonra Vüsalın qarın və sağ bud nahiyəsindən bıçaqlayıb. Nəticədə onun qarının ön divarına daxilə nüfuz edən, həyat üçün təhlükəli hesab edilən deşilmiş-kəsilmiş yara, eləcə də sağ bud nahiyəsində yüngül bədən xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qarın nahiyəsinə yetirilmiş xəsarət sağlamlığa ağır zərər kimi qiymətləndirilib.


Məhkəmə iclasında ifadə verən Yuriy Maksimov ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.


O deyib ki, hadisə günü Anarla narkotik vasitə üstündə mübahisə ediblər. Mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Bu zaman Vüsal qaçaraq onları ayırmağa gəlib və yaranmış gərginlik zamanı o, həmin şəxsi də bıçaqla vurub.


Təqsirləndirilən şəxs məhkəmədə verdiyi əlavə ifadəsində əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, lakin sonradan bu vərdişdən imtina etdiyini bildirib. Yuriy qeyd edib ki, hadisədən əvvəl zərərçəkmişlərlə münasibətləri normal olub.


Hadisə günü Anar telefonla zəng edərək onu məhəlləyə çağırıb. O, əvvəlcə evdə işi olduğunu deyərək getmək istəməsə də, təkidlərdən sonra küçəyə çıxıb. Yuriy söyləyib ki, Anar ondan marixuana tapmasını tələb edib. Bundan imtina etdikdə isə qarşı tərəf əsəbiləşərək onun yaxasından tutub.


Təqsirləndirilən şəxs deyib ki, həmin an döyüləcəyini düşündüyü üçün üzərində gəzdirdiyi aksesuar bıçağını çıxararaq Anara zərbə vurub. Yuriy Vüsalın qaçaraq onlara tərəf gəldiyini gördükdə onun da hücum edəcəyini zənn etdiyini və buna görə onu da bıçaqladığını deyib. Sonradan isə həmin şəxsin əslində onları ayırmaq üçün hadisə yerinə gəldiyini başa düşdüyünü bildirib.


İfadəsində hadisədən sonra istifadə etdiyi bıçağı atdığını etiraf edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu söyləyib. O qeyd edib ki, hadisə zamanı evdə anası və nişanlısı olub və qarşı tərəfdən ehtiyat etdiyi üçün özünü və ailə üzvlərini qorumaq məqsədilə belə hərəkət etdiyini düşünərək bıçaqdan istifadə edib.

 

Kamal Məmmədov 

Tarix: 31 İyul 2026, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin