BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını qısqanclıq zəminində döyərək xəsarətlər yetirən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cabbar Vəliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, hadisə 2026-cı ildə gecə saat 23 radələrində Cabbar Vəliyevin Abşeron rayonunun Qobustan kəndində yerləşən fərdi yaşayış evində baş verib.


Belə ki, həmin vaxt həyat yoldaşı, zərərçəkmiş Yasəmən Vəliyeva (adı, soyadı şərtidir) təqsirləndirilən şəxsin başqa qadınlarla münasibətdə olduğunu güman edərək ona irad bildirib. Bu səbəbdən ər-arvad arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı əsəbiləşən Cabbar arvadının üzərinə hücum edərək ona əl və yumruq zərbələri endirib. O, Yasəmənin sifət, baş, qol, bel və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub, həmçinin ayaq nahiyəsinə təpiklə zərbələr endirib.
 

Məhkəmə iclasında ifadə verən Cabbar Vəliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və təhqiqat zamanı verdiyi ifadəni təsdiqlədiyini deyib.


Onun sözlərinə görə, zərərçəkmişlə 2023-cü ildə ailə həyatı qurub və onların nikahdan iki azyaşlı övladı dünyaya gəlib. Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər ailə münasibətləri normal olsa da, son vaxtlar həyat yoldaşı onun başqa qadınla münasibətdə olduğunu iddia edərək tez-tez mübahisələr yaradırdı.


Cabbar Vəliyev ifadəsində qeyd edib ki, hadisə günü də eyni səbəbdən aralarında mübahisə yaranıb və əsəbiləşərək Yasəməni yumruq zərbələri ilə vurub. Münaqişə təxminən 5-6 dəqiqə davam edib, hadisə zamanı evdə onlardan başqa heç kim olmayıb. Təqsirləndirilən şəxs həmçinin həyat yoldaşının ona müqavimət göstərmədiyini və heç bir xəsarət yetirmədiyini təsdiqləyib.


Məhkəmədə əlavə ifadə verən Cabbar Vəliyev törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib. O, bu əsasla barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.
 

Məhkəmə iclasına qatılmayan Yasəmən Vəliyeva isə məhkəməyə ünvanladığı ərizədə təqsirləndirilən şəxsin vurduğu ziyanın tam ödənildiyini, onunla barışdığını və artıq heç bir şikayət və tələbinin olmadığını bildirib. Zərərçəkmiş şəxs də iş üzrə sadələşdirilmiş icraata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 31 İyul 2026, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin