BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Ermənistandan konkret addımlar gözləyir” - Deputat

“Ermənistanda parlament seçkiləri ilə əlaqədar müəyyən müddət ərzində siyasi proseslərin ləngiməsini anlamaq mümkündür. Lakin seçkilər başa çatdıqdan sonra sülh danışıqlarının yenidən aktiv mərhələyə keçəcəyinə ümid var. Avqustun 2-də Ermənistan Milli Assambleyasının ilk iclası keçiriləcək. Bundan sonra parlamentin və hökumətin tam formalaşması prosesi başa çatacaq və növbəti mərhələdə rəsmi İrəvanın atacağı addımlar sülh prosesinin taleyinə birbaşa təsir göstərəcək. Azərbaycanın əsas gözləntisi Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Məhz bu məsələ həllini taparsa, yekun sülh sazişinin imzalanması qarşısında əsas maneə də aradan qalxmış olacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması ilə bağlı danışarkən deyib.

 

A.Badamovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması heç vaxt indiki qədər yaxın olmayıb: “Azərbaycan iki ölkə arasında davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslərini ardıcıl şəkildə davam etdirir. Bu çərçivədə Azərbaycan öz ərazisindən Ermənistana tranzit daşımalarla bağlı tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Eyni zamanda, ölkəmiz Ermənistana neft məhsullarının ixracını həyata keçirir və digər istiqamətlərdə də ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu addımlar Azərbaycanın regionda sülhün, etimadın və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir”.

 

Deputat vurğulayıb ki, bunlarla yanaşı Azərbaycan Ermənistandan da qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində konkret addımlar gözləyir: “Baş nazir Nikol Paşinyan çıxışlarında yeni Konstitusiya layihəsinin ilin sonuna qədər ictimai müzakirəyə təqdim ediləcəyini, referendumun isə gələn il keçiriləcəyini bildirib. Bu isə onu göstərir ki, Konstitusiya dəyişikliyi başa çatmadan yekun sülh sazişinin imzalanması real görünmür. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması daha çox gələn il mümkün ola bilər”.

 

Şəhanə Qədirli

Tarix: 31 İyul 2026, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin