BURADA REKLAMINIZ OLA
BİLƏR

Atasının maşını ilə yeniyetmənin ölümünə səbəb olan gənc məhkəmə zalında həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan sərnişinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 2008-ci il təvəllüdlü Elnar Muradlının barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib.


İttihama görə, hadisə 2025-ci il martın 1-də saat 12 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində baş verib.


Elnar Muradlı atası Elşən Muradlıya məxsus, texniki cəhətdən saz vəziyyətdə olan "VAZ-21214" markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. O, yaşayış məntəqəsində icazə verilən sürət həddini aşaraq avtomobili 70-80 km/saat sürətlə idarə edib.


İstintaqla müəyyən edilib ki, Elnar Muradlı yol hərəkəti haqqında qanunun təhlükəsiz idarəetmə, diqqətli olma və digər hərəkət iştirakçılarına təhlükə yaratmamaqla bağlı tələblərinə əməl etməyib. Hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da, avtomobilə nəzarəti itirib. Nəticədə maşın hərəkət hissəsindən çıxaraq yolun kənarında yerləşən işıq dirəyinə çırpılıb və aşıb.


Qəza zamanı avtomobildə sərnişin qismində olan 2011-ci il təvəllüdlü yeniyetmə Əlizadə Tünar Niyaməddin oğlu ağır xəsarətlər alıb. Məhkəmə sənədlərində qeyd olunub ki, zərərçəkmişə baş beyninin əzilməsi, beynə və beyin qişalarına qansızmalar, alın, gicgah, əsas, xəlbir, almacıq, əng və burun sümüklərinin çoxsaylı sınıqları, döş fəqərəsinin sınığı, dalağın zədələnməsi kimi həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirilib.


O, aldığı xəsarətlər səbəbindən sonradan Bakı şəhərində yerləşən tibb müəssisələrindən birində vəfat edib.


Məhkəmə araşdırması zamanı hadisənin yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyi, sürücünün sürücülük hüququ olmadan avtomobili idarə etməsinin və təhlükəsizlik qaydalarına əməl etməməsinin ölümcül nəticəyə səbəb olduğu qənaətinə gəlinib.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnar Muradlı yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda təqsirli bilinib. Ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanın nəzarətə verilməsi qətimkan tədbiri ləğv olunaraq həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalındaca həbs olunub.


Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və Elnar Muradlı apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti vermişdi.

Kamal Məmmədov 

Tarix: 3 Avqust 2026, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin