BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobili insanların üzərinə sürən şəxs məhkəmə zalında həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Akif Hacıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Lənkəran Rayon Məhkəməsinin hökmü zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə cəza hissəsində dəyişdirilib. Lənkəran Rayon Məhkəməsinin hökmündən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric olunub. Akif Hacıyev 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub, onun barəsində həbs qətimkan tədbiri seçilib və Akif Hacıyev məhkəmə iclas zalında dərhal həbs edilib.


İttihama görə, təqsirləndirilən şəxs məscidin qarşısında baş verən mübahisə zamanı avtomobilini insanların üzərinə sürərək həm bir nəfərə ağır xəsarətlər yetirib, həm də hadisəni sakitləşdirməyə çalışan polis əməkdaşını vurub.


Hadisə 2025-ci ilin axşam saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verib.


Akif Hacıyev həmin gün anasının telefon zəngindən sonra yaşadığı evə gəlib. Anası ona bildirib ki, həmyerlisi zərərçəkmiş Uğur Tağıyev (adı, soyadı şərtidir) telefon danışığı zamanı atasının ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən atası məsələni aydınlaşdırmaq üçün evdən çıxaraq Liman şəhərində yerləşən məscidin qarşısına gedib.


Bu xəbəri alan təqsirləndirilən şəxs də idarə etdiyi "VAZ-2108" markalı avtomobillə hadisə yerinə yollanıb.


Hadisə Liman şəhərinin ən hərəkətli küçələrindən biri olan Həzi Aslanov küçəsində, məscid, bazar, çayxana və digər iaşə obyektlərinin yerləşdiyi ərazidə qeydə alınıb.


Burada Akif Hacıyevin atası ilə zərərçəkmiş şəxs arasında mübahisə davam edib. Onların bir-birinin ünvanına nalayiq ifadələr işlətməsi təqsirləndirilən şəxsi daha da qəzəbləndirib. O, atasını təhqir etməkdə Uğuru günahkar hesab edərək aqressiv davranmağa başlayıb.


Məhkəmə materiallarında göstərilir ki, Akif Hacıyev təxminən 20-25 dəqiqə ərzində ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədərək ətrafda toplaşan çoxsaylı insanların gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozub.


Hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra əraziyə Liman Polis Bölməsinin əməkdaşları cəlb olunub. Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili hadisə yerində zərərçəkmiş şəxsi kənara apararaq vəziyyəti sakitləşdirməyə çalışıb. Lakin istintaq materiallarına görə, Akif Hacıyev bununla kifayətlənməyib. O, avtomobilinə əyləşərək əvvəlcə hadisə yerindən uzaqlaşıb, sonra isə qəfil geri dönərək avtomobili birbaşa zərərçəkmiş şəxslərin dayandığı istiqamətə sürüb.


Akif Hacıyev avtomobildən silah kimi istifadə etməklə əvvəlcə Uğuru, daha sonra isə hadisənin qarşısını almağa çalışan polis əməkdaşını vurub.


Hadisə zamanı polis əməkdaşına məxsus "Jac T-8" markalı xidməti avtomobil də zədələnib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, avtomobil zərbəsi nəticəsində Uğur Tağıyev sol aşıq sümüyünün sınığı, baldır nahiyəsində hematoma və müxtəlif sıyrıqlar alıb.


Ekspertiza həmin xəsarətləri sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır bədən xəsarətləri kimi qiymətləndirib.


Polis əməkdaşı isə sol baldır nahiyəsində qançır xəsarətləri alıb.


Bundan başqa, xidməti avtomobilin arxa hissəsinə də ziyan dəyib və ekspertiza nəticəsində 195 manat məbləğində maddi zərər müəyyən edilib.


Lənkəran Rayon Məhkəməsi Akif Hacıyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşya tətbiq edilməklə xuliqanlıq) maddələri ilə təqsirli bilib.


Hökmə əsasən, 127.2.3-cü maddə ilə 1 il 6 ay, 221.3-cü maddə ilə isə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi. Daha sonra cəzalar qismən toplanaraq ona qəti olaraq 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.


Həmçinin Akif Hacıyevin şübhəli şəxs qismində həbsdə saxlanıldığı 3 gün müddət qanunvericiliyə uyğun olaraq cəzadan çıxılmış və üzərində 3 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdı. Məhkəmə hökmündən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdi. Şikayətində o, Lənkəran Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsini xahiş etmişdi. 

 

Kamal Məmmədov 

Tarix: 3 Avqust 2026, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin