BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda ev alqı-satqısı üstündə dava, vəzifəli şəxsi yumruqla vuraraq xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Arif Həsənovun ş(adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


İttihama görə, hadisə 2026-cı ildə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ev-alqı satqısı" ofisinin qarşısında baş verib.
 

Belə ki, Arif Həsənovun atası uzun illər həmin ərazidə ev alqı-satqısı fəaliyyəti ilə məşğul olub. Hadisə günü zərərçəkmiş Dadaş İmanov (adı, soyadı şərtidir) əvvəllər aldığı həyət evinin razılaşdırılmış müddətdə təmir edilərək təhvil verilməməsi səbəbindən təqsirləndirilən şəxsin atası ilə görüşərək məsələni aydınlaşdırmağa çalışıb. Zərərçəkmiş şəxs satıcı tərəfdən öhdəliklərin yerinə yetirilmədiyini bildirərək evin ya təmir olunmasını, ya da ödədiyi pulun geri qaytarılmasını tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb.


Həmin vaxt işə getmək üçün atasının işlədiyi ofisin qarşısından keçən Arif Həsənov səs-küyü eşidərək hadisə yerinə yaxınlaşıb. O, əvvəlcə mübahisənin səbəbini bilmədiyini, yalnız atasının bir neçə nəfərlə mübahisə etdiyini gördüyünü bildirib.


Onun sözlərinə görə, Dadaşın atasının qolundan tutaraq kənara çəkməsi onu əsəbiləşdirib. Bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb.
 

Arif ictimai yerdə nalayiq ifadələr işlədərək zərərçəkmiş şəxsin baş nahiyəsinə yumruq zərbəsi endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsin alın nahiyəsində hematoma əmələ gəlib və ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirilib.


Məhkəmədə ifadə verən Arif Həsənov ittiham üzrə özünü təqsirli bildiyini deyib.


Qeyd: Zərərçəkmiş Dadaş İmanov hüquq-mühafizə orqanlarından birində çalışır.


Kamal Məmmədov 

Tarix: 3 Avqust 2026, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin