BURADA REKLAMINIZ OLA
BİLƏR

Acı bibərdən sonra əlləriniz yanır? - Bu üsullar köməyinizə çatacaq

Acı bibər doğrayarkən əllərə keçən yanma hissi mətbəxdə ən çox rast gəlinən problemlərdən biridir. Bibərin tərkibindəki kapsaisin maddəsi dəriyə hopduqda uzun müddət narahatlıq yarada bilər.


Pravda.az bu yanmanı azaltmağa kömək edən bir neçə sadə üsulu təqdim edir:


Buzlu su


Əllərinizi əvvəlcə sabunla yuyun. Yanma davam edərsə, buzlu su hazırlanmış qabda bir neçə dəqiqə saxlayın, sonra yenidən sabunla yuyun.


Sirkəli su


Bir qədər alma və ya üzüm sirkəsini su ilə qarışdırın. Əllərinizi bu məhlulda bir neçə dəqiqə saxlayıb durulayın.


Karbonatlı su


Karbonatı su ilə qarışdıraraq məhlul hazırlayın və əllərinizi içində saxlayın. Bu üsul yanma hissini azaltmağa kömək edə bilər.


Süd və ya qatıq


Süd məhsullarının tərkibində olan kazein kapsaisini neytrallaşdırmağa kömək edir. Yanma olan nahiyəyə qatıq çəkin və ya əllərinizi bir neçə dəqiqə südün içində saxlayın.


Pomidor


Pomidorun tərkibindəki likopen maddəsi yanma hissini yüngülləşdirə bilər. Pomidor şirəsini əllərinizə sürtüb bir neçə dəqiqə sonra yuyun.


Limon


Az miqdarda limon suyu ilə əllərinizi yuyun və ya limon qabığı ilə yüngülcə ovuşdurun. Dərinizdə çat və ya yara varsa, bu üsuldan istifadə etməyin.


Bitki yağı və duz


Zeytun və ya günəbaxan yağına bir qədər duz əlavə edib əllərinizi 1–2 dəqiqə yüngül masaj edin. Sonra sabunla yaxşıca yuyun.


Bal və ya şəkərli su


Balı yanma olan nahiyəyə sürtə və ya şəkərli suda əllərinizi qısa müddət saxlaya bilərsiniz.


Xiyar


Xiyarın qalın qabığını və ya dilimlərini yanma hissi olan nahiyəyə sürtmək dərini sakitləşdirə bilər.


Cəfəri


Cəfərini əlinizdə əzərək şirəsini yanma olan hissəyə sürtün. Tərkibindəki antioksidantlar sayəsində narahatlıq azala bilər.


Əldəki acı bibər yanması nə qədər davam edir?


Yanmanın davametmə müddəti bibərin acılıq dərəcəsindən, dəri həssaslığından və kapsaisinlə təmas müddətindən asılıdır. Adətən narahatlıq 15 dəqiqədən 2–3 saata qədər davam edə bilər. Heç bir tədbir görülməzsə, bəzi hallarda daha uzun ola bilər.


Nələrə diqqət etmək lazımdır?


Əllərinizi yaxşıca yumadan gözünüzə, üzünüzə və ya ağzınıza toxunmayın. Dərini sərt şəkildə ovuşdurmayın. Dəridə yara və ya çat varsa, limon, sirkə və duzdan istifadə etməyin. Güclü qızartı, şişkinlik, qabarcıq və ya allergik reaksiya yaranarsa, həkimə müraciət edin.


Əminə Bayramova 

Tarix: 3 Avqust 2026, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin