BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanın ölümündə günahlandırılan 64 yaşlı sürücünün cəzası yüngülləşdirildi


Sumqayıt Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Allahverdi Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib, ona 4 il 3 ay 2 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


İttihama görə, 1962-ci il təvəllüdlü Allahverdi Hüseynov 2024-cü ilin noyabr ayında idarə etdiyi "Mercedes-Benz 180" markalı avtomobillə Sumqayıt şəhəri, Nizami küçəsi boyunca Azərbaycan prospekti istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozub.


İstintaqla müəyyən edilib ki, sürücü avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etdiyi zaman yol hərəkəti şəraitini düzgün qiymətləndirməyib və qəzanın qarşısını almaq üçün texniki imkanı olduğu halda lazımi tədbirlər görməyib. Nəticədə idarə etdiyi avtomobil əvvəlcə yolun sağ hissəsində dayanmış "Hyundai Sonata" markalı avtomobilə, daha sonra isə həmin maşının qarşısında dayanmış digər nəqliyyat vasitəsinə çırpılıb.


Toqquşmanın təsirindən iki avtomobil arasında qalan piyada – Cavanşir Quliyev ağır xəsarətlər alıb. Zərərçəkmişə beyin maddəsinə və beyin qişalarına qansızma, subdural hematoma, baş nahiyəsinin ağır travması, hər iki ayaqda çoxsaylı açıq və qapalı sınıqlar, eləcə də həyat üçün təhlükəli hesab olunan digər ağır bədən xəsarətləri yetirilib.


Piyada aldığı ağır travmalar nəticəsində xəstəxanada həyatını itirib.


Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Allahverdi Hüseynov təqsirli bilinərək 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 4 Avqust 2026, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin