BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisindən ayrılmaq istəməyən şəxs ona sulfat turşusu töküb – İTTİHAM

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Azər İmanovun (adı, soyadı şərtidri) cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, cinayət işində bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən olunub.
 

Qərara əsasən, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılıb.


İttihama görə, Azər İmanov bu il Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində küçədə olarkən əvvəllər sevgili münasibətlərində olduğu zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) onunla münasibətlərini bitirməsi və barışmaq istəməməsindən sonra xuliqanlıq niyyəti ilə hərəkət edib.


Belə ki, təqsirləndirilən şəxs həmin vaxt özünü ictimai qaydalara qarşı qoyaraq, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə formalaşmış birgəyaşayış və davranış qaydalarını qərəzli şəkildə pozan hərəkətlərə yol verib.


İstintaq materiallarına əsasən, o, idarə etdiyi avtomobilin yük hissəsində əvvəlcədən saxladığı iki şüşə butulkanı götürüb. Həmin butulkalarda güclü korroziyaedici və susuzlaşdırıcı təsirə malik, dəri və yumşaq toxumalarda ağır kimyəvi yanıqlar yarada bilən konsentratlaşdırılmış sulfat turşusunun olduğu müəyyən edilib.


Azər İmanov ətrafdakı insanların həyatı və sağlamlığı üçün təhlükəli olduğunu dərk etdiyi halda butulkalardan birini səkiyə vuraraq içərisindəki sulfat turşusunun ətrafa yayılmasına səbəb olub. Daha sonra digər şüşə butulkanın baş hissəsini səkiyə vuraraq onun ağzını açıb. Ardınca butulkanın içərisində olan sulfat turşusunu qadının sifət və bədən nahiyəsinə töküb.


Azər İmanov F.F.-ə aşkar surətdə xüsusi ağrılar yetirəcəyini dərk edib və buna baxmayaraq hərəkətlərini davam etdirib.


Nəticədə zərərçəkmiş şəxsin baş və üz nahiyələrində, boyun nahiyəsində, sol yuxarı ətrafında, sağ və sol qulaq seyvanlarında, həmçinin hər iki əlində II-III dərəcəli kimyəvi yanıq xəsarətləri yaranıb.


Ekspertiza nəticələrinə əsasən, həmin xəsarətlər ümumilikdə bədən səthinin təxminən 20 faizini əhatə edib və həyat üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilib.

 

İstintaq hesab edib ki, Azər İmanov keçmiş sevgilisinin münasibətləri bərpa etmək istəməməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə, silah qismində istifadə etdiyi əşyadan yararlanıb və F.F.-in sağlamlığına xüsusi amansızlıqla ağır zərər vurub.


İttihama görə, onun hərəkətləri həm də ümumi təhlükəli üsulla törədilib. Belə ki, təqsirləndirilən şəxs sulfat turşusunun ətrafdakı şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olduğunu bildiyi halda ilk butulkanı səkiyə vuraraq turşunun ətrafa yayılmasına səbəb olub.
 

Bununla da təqsirləndirilən şəxsin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurduğu, həmçinin silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq etdiyi bildirilir.


Kamal Məmmədov 

Tarix: 10 Avqust 2026, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin