BURADA REKLAMINIZ OLA
BİLƏR

Abutalıb Səmədov: “Həm ABŞ, həm də İran məğlub sayılmalıdırlar”

ABŞ-İran müharibəsində gərgin vəziyyət davam etməkdədir. Müəyyən müddət aralığında sülh üçün danışıqlar aparılsa da, yekun nəticə əldə edilməyib. Son məlumatlara görə, İran Hörmüz boğazının açılması üçün ABŞ qarşısında bir sıra sərt tələblər irəli sürüb. Tehran ABŞ-dən İran və onun regiondakı müttəfiqlərinə qarşı hərbi əməliyyatları dayandırmağı, həmçinin İrana qarşı təhdid və təhqirlərə son qoymağı tələb edir. Bununla yanaşı hər iki tərəf özlərini qalib adlandıraraq müxtəlif bəyanatlar səsləndirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalıb Səmədov bildirib ki, ABŞ Prezidentinin bu cür məsuliyyətsiz bəyanatları danışıqların nəticəsiz qalmasında həlledici rol oynayır.

 

Onun sözlərinə görə, eyni zamanda İran rəsmiləri də ondan geri qalmırlar və özlərini qalib elan edərək ultimativ tələblərlə çıxış edirlər: “Həm ABŞ, həm də İran hələ ki məğlub sayılmalıdırlar. ABŞ İranın nüvə proqramı ilə bağlı İranın qarşısına qoyduğu tələblərə hələlik nail ola bilməyib. İran beş minə yaxın vətəndaşını itirib. Şəhərlər dağıdılıb və İrana 300 milyard dollardan artıq  ziyan vurulub, iqtisadiyyat bir az da ağır duruma düşüb. Burada uğur, qalibiyyət haradadır?  Hansı əsaslarla İran özünün qalib olduğunu deyir?  Bu cür xətt tutulsa, ABŞ Prezidenti yenə də məsuliyyətsiz bəyanatlar verməkdə  davam etsə, İran ultimativ tələblərlə çıxış etsə, təbii ki, sülhə nail olmaq mümkün olmayacaq və hərbi əməliyyatlar daha geniş miqyasda  yenidən başlayacaq. Çox təəssüf ki, sülh görünmür və qarşıda hələ çoxlu qırğınlar var. Bundan sonra da, yəqin, bir tərəf İranın çökdüyünü deyəcək, digər tərəf də “mən qalib gəldim” bəyanatlarını səsləndirməkdə davam edəcək. İki məğlub, uğursuz tərəf və bu cür daxili auditoriyaya yönəlmiş bəyanatlar olacaq”.

 

Şəhanə Qədirli

Tarix: 10 Avqust 2026, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin