BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Ağalarov “Sea Breeze”də baş verən hadisə ilə bağlı məlumat yaydı - FOTO

İş adamı Emin Ağalarov ötən gün "Sea Breeze"də baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

 

Pravda.az xəbər verir ki, o, açıqlamanı şəxsi instaqram səhifəsində paylaşıb:

 

"Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.

 

Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.

 

Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsüm fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib. Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

 

“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik".

 

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ötən gün “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

 

 Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat başa çatıb. Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.

 

 Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Fotoları təqdim edirik
Tarix: 15 Avqust 2026, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin