BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşağın dərisi günəşdən yanıbsa, bunları edin

Yay aylarında körpə və uşaqlarda günəş yanığı tez-tez rast gəlinən problemlərdən biridir. Körpələrin dərisi daha nazik və həssas olduğu üçün onlar günəşin zərərli şüalarına qarşı böyüklərdən daha həssasdırlar. Bəs körpələrdə günəş yanığının qarşısını necə almaq və yanıq yarandıqda uşağı necə rahatlatmaq olar?


Pravda.az bildirir ki, günəşin ultrabənövşəyi (UV) şüalarına həddindən artıq məruz qalmaq dəridə yanıqlara səbəb ola bilər.


Körpələrin dərisi çox nazik və həssas olduğundan günəş yanığı onlar üçün daha ciddi nəticələrə səbəb ola bilər. Günəş yanığı maye itkisi, dəri zədələnməsi və infeksiya riskini artırmaqla yanaşı, uzun müddətdə dəri xərçəngi riskini də yüksəldə bilər. Buna görə körpələri günəşin zərərli təsirlərindən qorumaq vacibdir.


Körpələrdə günəş yanığının qarşısını necə almaq olar?


Kölgəli yerlərə üstünlük verin. Körpəni mümkün qədər birbaşa günəş şüalarından uzaq saxlayın. Xüsusilə günəş şüalarının ən güclü olduğu saatlarda – 10:00-16:00 arasında günəşə məruz qalmasının qarşısını alın.


Şapka, gün eynəyi və uyğun geyimlərdən istifadə edin. Günəşin daha dik düşdüyü saatlarda körpənin başını və gözlərini qorumaq xüsusilə vacibdir.


Açıq rəngli, pambıq geyimlər seçin. Hava çox isti olduqda körpənin həddindən artıq isinməməsi üçün açıq rəngli, xüsusilə ağ və pambıq geyimlərə üstünlük verin.


Kənarları olan şapka taxdırın. Başın ətrafını örtən geniş kənarlı şapka günəş şüalarının körpənin üzünə düşməsinin qarşısını almağa kömək edir.


6 aydan kiçik körpələrdə günəş kremindən istifadə etməyin. Bu yaşda körpəni qorumağın əsas yollarından biri dərisini geyimlərlə örtmək və birbaşa günəşdən uzaq saxlamaqdır.


Buludlu havalarda da ehtiyatlı olun. Günəşin görünməməsi UV şüalarının olmadığı anlamına gəlmir. Hava buludlu olsa belə, körpəni günəşdən qorumaq lazımdır.


6 aydan böyük körpələrdə günəş kremindən istifadə etmək olar. Günəş kremini çölə çıxmazdan 15-30 dəqiqə əvvəl tətbiq edin və təxminən 2 saatdan bir yeniləyin. Körpə dənizə və ya suya girib çıxarsa, kremi yenidən çəkin.


Körpədə günəş yanığı yaranarsa nə etmək lazımdır?


Körpəyə kifayət qədər maye verin. Ana südü ilə qidalanırsa, daha tez-tez əmizdirin. Süni qida qəbul edirsə, qidasını müntəzəm verin. Əlavə qidaya keçmiş 6 aydan böyük körpələrə kifayət qədər su təklif edin.


İlıq vanna etdirin. İlıq su dərinin rahatlamasına kömək edə bilər.


Nəm dəsmaldan istifadə edin. Təmiz, isladılmış parçanı yanıq olan nahiyənin üzərinə qoyun və 15-20 dəqiqə saxlayın. Bunu gün ərzində bir neçə dəfə təkrarlamaq olar.


Nəmləndirici kremdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Həkimin tövsiyəsi ilə su əsaslı nəmləndirici krem tətbiq edilə bilər. Dərini daha da qıcıqlandıra biləcək ətirli məhsullardan uzaq durmaq lazımdır.


Ağrı zamanı yalnız həkimin məsləhət gördüyü dərmandan istifadə edin. Yanıq nahiyəsində ağrını azaltmaq üçün uşağın həkiminin tövsiyə etdiyi ağrıkəsici şərbətdən istifadə edilə bilər.


Yanıq sağalana qədər uşağı günəşdən uzaq saxlayın.

Rahat və dərini qıcıqlandırmayan geyimlər geyindirin.


Hansı hallarda mütləq həkimə müraciət etmək lazımdır?
 

Əgər günəş yanığı nəticəsində dəridə suluqlar yaranıbsa, uşağı mütləq xəstəxanaya aparmaq lazımdır. Belə hallarda yanıq nahiyəsində infeksiya yarana bilər və həkim uyğun müalicə, o cümlədən antibiotikli krem təyin edə bilər.
Bundan başqa, uşaqda narahatlıq, hərarət, titrəmə, ürəkbulanma, qusma, baş ağrısı və ya yuxululuq kimi əlamətlər müşahidə edilərsə, mütləq həkimə müraciət edilməlidir.


Əminə Bayramova 

Tarix: 17 Avqust 2026, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin