BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Metroda məhdudiyyətin tətbiq olunması qarşıdakı günlərdə çox ciddi problemlər yaradacaq”

“Bakı metrosunda “28 May-Nizami” xəttində hərəkətin dayanması ciddi məsələdir. Bilmirəm, hansı səbəbdən məhz bu ərəfədə belə bir qərar qəbul edildi. Çünki metroda məhdudiyyətin tətbiq edilməsi bizə qarşıdakı günlərdə çox ciddi problem yaradacaq. Ən azından, bu işlərə daha erkəndən başlamaq olardı. Yaxud nəsə fikirləşmək olardı ki, belə vəziyyət baş verməsin. Metro ilə bağlı məhdudiyyəti aradan qaldırmaq üçün alternativ olaraq marşrut xəttinə nə qədər avtobus buraxılsa da, problemi həll etməyəcək. Düşünürəm, bu, baş verən ilk belə hadisədir. Hər halda başqa yollar da fikirləşmək lazımdır ki, nələr edə bilərik. Nəqliyyatın tənzimlənməsi ciddi şəkildə həyata keçirilməlidir, əks halda, qarşıdakı günlərdə problemlərlə üzləşəcəyik. Onsuz da Bakı yüklənib. Hazırkı vəziyyət isə yollarda çox ciddi tıxaclara səbəb olacaq. Təbii ki, metro inkişaf etdirilməlidir, Prezident cənab İlham Əliyevin bu sahəyə böyük diqqəti var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat alternativ olaraq xəttə buraxılan ekspress avtobuslarda sıxlıq müşahidə olunmasını əks etdirən və süni intellektlə hazırlandığı ehtimal olunan bəzi fotoların sosial şəbəkələrdə etirazları artırmasına da diqqət çəkib: “Bu cür həssas şəkilləri yayarkən diqqətli olmaq lazımdır. Birincisi, böyük ehtimalla, sözügedən fotolar süni intellekt yolu ilə hazırlanıb. Ola bilsin, bu cür hallara qarşıda da rast gəlinsin. İnsanlarımız belə şəkilləri yaymaqdan çəkinməlidirlər. Getdikcə sosial medianın ictimai şüura, düşüncəyə təsir imkanları daha da artır. Bu gün insanlar informasiyanı ənənəvi mediadan deyil, daha çox sosial mediadan alırlar. Buna görə də sosial şəbəkələrdə yayımlanan əsassız məlumatları ciddi şəkildə araşdırmaq lazımdır. Bu istiqamətdə müəyyən addımlar atılmalı, nəzarət gücləndirilməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2026, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin