BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Badamov: "Ayrı-ayrı müəssisələrin üzləşdiyi çətinlikləri iqtisadiyyatda durğunluğun göstəricisi kimi qiymətləndirmək doğru deyil"

Son dövrlərdə Azərbaycanda bir çox sahibkarlıq subyekti ya fəaliyyətini dayandırır, ya iflas edir, ya da biznesini kiçiltmək məcburiyyətində qalır. İqtisadiyyatda müşahidə olunan durğunluq məsələsi yenidən gündəmə gəlib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamovun sözlərinə görə, iqtisadiyyatda durğunluq olduğunu söyləmək düzgün olmaz.

 

Deputat qeyd edib ki, cari ilin ilk altı ayının makroiqtisadi göstəriciləri də bunu təsdiq edir: “Bu dövrdə qeyri-neft sektorunun ayrı-ayrı sahələrində iqtisadi artım müşahidə olunub və iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət davam edib. Təbii ki, iqtisadiyyatda müəyyən sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması və ya bizneslərini kiçiltməsi halları da baş verə bilər. Lakin ayrı-ayrı müəssisələrin üzləşdiyi çətinlikləri bütövlükdə iqtisadiyyatda durğunluğun göstəricisi kimi qiymətləndirmək doğru yanaşma deyil. Unutmaq olmaz ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bazar iqtisadiyyatı, ilk növbədə, rəqabətli iqtisadiyyatdır. Belə bir mühitdə hər bir sahibkarın fəaliyyətinin əbədi olaraq uğurlu davam edəcəyinə zəmanət vermək mümkün deyil. Bazarın tələbləri dəyişir, istehlakçı davranışları yenilənir, rəqabət güclənir və sahibkarlar da bu dəyişikliklərə uyğunlaşmaq məcburiyyətində qalırlar. Rəqabətli mühitdə öz fəaliyyətini düzgün qura bilən, məhsul və xidmətlərinin rəqabətqabiliyyətliliyini təmin edən, bazarın tələblərinə vaxtında uyğunlaşan sahibkar inkişaf edir, fəaliyyətini genişləndirir və böyüyür. Əksinə, rəqabətə davam gətirə bilməyən, bazarın dəyişən şərtlərinə uyğunlaşmayan və öz biznes modelini yeniləyə bilməyən sahibkarın fəaliyyəti zəifləyə, nəticədə müəssisə bağlana və ya biznesini kiçiltməli ola bilər. Bu, bazar iqtisadiyyatının təbii qanunauyğunluğudur. Hətta inkişaf etmiş ölkələrdə belə hər il bir sıra şirkətlər fəaliyyətini dayandırır, eyni zamanda yeni şirkətlər yaranır və bazara daxil olur. Əsas məsələ iqtisadiyyatda ümumi dinamikanın, investisiya fəallığının və yeni bizneslərin yaranması üçün imkanların qorunmasıdır”.

 

A.Badamovun sözlərinə görə, ayrı-ayrı sahibkarlıq subyektlərinin fəaliyyətində yaranan problemləri avtomatik olaraq iqtisadi durğunluq kimi təqdim etmək kökündən yanlış yanaşmadır: “Əsas göstərici bütövlükdə iqtisadiyyatın hansı istiqamətdə inkişaf etməsidir. Makroiqtisadi göstəricilər, qeyri-neft sektorunda artım və iqtisadi fəallığın müxtəlif sahələr üzrə davam etməsi də göstərir ki, ayrı-ayrı bizneslərin üzləşdiyi çətinlikləri bütövlükdə iqtisadiyyatın vəziyyəti ilə eyniləşdirmək olmaz. Bununla yanaşı, sahibkarların üzləşdiyi problemlər də diqqətdən kənarda qalmamalıdır. Rəqabət mühitinin daha da sağlamlaşdırılması, sahibkarlığın inkişafına maneələrin aradan qaldırılması, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarların dəyişən bazar şərtlərinə uyğunlaşmasına imkan verən şəraitin yaradılması iqtisadi siyasətin mühüm istiqamətləri olaraq qalmalıdır. Yəni məsələyə bir tərəfdən sahibkarlığın bazar iqtisadiyyatının tələblərinə uyğunlaşması, digər tərəfdən isə biznes mühitinin davamlı şəkildə təkmilləşdirilməsi prizmasından yanaşmaq lazımdır. Ayrı-ayrı şirkətlərin bazardan çıxması iqtisadiyyatın qanunauyğun proseslərindən biri ola bilər, lakin əsas məsələ həmin bazarda yeni sahibkarlıq subyektlərinin yaranması və rəqabətədavamlı bizneslərin inkişaf etməsidir”.

 

Şəhanə Qədirli

Tarix: 19 Avqust 2026, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin