BURADA REKLAMINIZ OLA
BİLƏR

“İKT sahəsinə yatırılan investisiyaların özünü doğrultması üçün kadrların hazırlanması sürətləndirilməlidir”

Məlum olduğu kimi, bu ilin yanvar-iyul aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 298 milyon manat investisiya qoyulub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68,1 % çoxdur.

 

Bəs İKT sahəsinə qoyulan investisiyalar özünü nə dərəcədə doğruldur?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov bildirib ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsinə qoyulan investisiyalar hazırkı rəqəmsallaşma dalğası, “Yaşıl və Rəqəmsal Keçid” strategiyası və qeyri-neft sektorunun inkişafı fonunda özünü ən yüksək zəmanətlə və multiplikativ effektlə doğruldan sferalardan biridir.

Elvin Abbasov: Azərbaycan elmi birbaşa biznesdə tətbiq olunmalıdır -  Muallim.edu.az

Onun sözlərinə görə, sektora yatırılan vəsaitlərin və ümumi istehsal dəyərinin nəzərəçarpan dərəcədə artması göstərir ki, həm dövlət, həm də özəl təşəbbüslər rəqəmsal infrastrukturu əsas iqtisadi drayver kimi qəbul edir: “Bu dinamika yatırılan kapitalın artıq real gəlir formalaşdırmağa başladığını və iqtisadiyyatın müxtəlif sahələrinə müsbət təsir göstərdiyini təsdiqləyir. Genişzolaqlı internet, fiber-optik altyapı və yeni nəsil şəbəkələrin genişləndirilməsinə ayrılan kapital ilkin mərhələdə yüksək xərc tələb etsə də, biznes fəaliyyətini sürətləndirərək e-ticarət, maliyyə texnologiyaları və bulud həllərinin tranzaksiya həcmini dəfələrlə artırır. Eyni zamanda, regional infrastrukturun yenilənməsi bölgələrdəki kiçik və orta bizneslərin rəqəmsal pazarlara çıxışını təmin edir. Dövlət rəqəmsal layihələrinə və elektron idarəetmə sistemlərinə yatırılan resurslar isə əməliyyat xərclərinin azalması və şəffaflığın artması şəklində özünü doğruldur, kağızsız hökumət konsepti hesabına inzibati resurslara böyük ölçüdə qənaət edilir”.

 

Mütəxəssis qeyd edib ki, insan kapitalına, texnoparklara və İT təhsilinə ayrılan vəsaitlər xarici texnoloji asılılığı azaldaraq yerli proqram təminatı və süni intellekt həllərinin ixrac imkanlarını yaradır: “Bankçılıq, telekommunikasiya və kommunal xidmətlər sektorunda tətbiq edilən smart həllər resurs itkisini minimuma endirir və biznes proseslərinin effektivliyini kəskin artırır. İnvestisiyaların tam potensialla özünü doğrultması üçün yüksək ixtisaslı kadrların hazırlanması sürətləndirilməli və yerli rəqəmsal məhsulların qlobal bazarlara çıxışı dəstəklənməlidir. Nəticə olaraq, İKT-yə qoyulan yatırımlar bütün milli iqtisadiyyatın effektivliyini artıran ana faktor rolunu oynayaraq uzunmüddətli perspektivdə ölkəyə yüksək əlavə dəyər qazandırır”.

 

Şəhanə Qədirli

Tarix: 20 Avqust 2026, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin