BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ali məktəblərə qəbul olmaq şansı kifayət qədər yüksəkdir” – RƏY

Ali təhsil müəssisələrinə qəbul prosesinin mühüm mərhələlərindən biri olan tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün  ixtisas seçimi artıq başa çatıb. Dövlət İmtahan Mərkəzinin (DİM)  verdiyi rəsmi məlumata görə, abituriyentlərin topladıqları ballara, seçdikləri ixtisaslara və ali məktəblərin plan yerlərinə uyğun olaraq formalaşacaq müsabiqənin nəticələrinin növbəti həftə ərzində elan edilməsi gözlənilir. Beləliklə, minlərlə abituriyent üçün aylarla davam edən imtahan və ixtisas seçimi marafonunun ən həlledici mərhələsinə start verilir. Nəticələrin açıqlanması ilə gənclərin qarşısında yeni təhsil mərhələsi başlayacaq, ali məktəblərdə boş qalan plan yerləri və növbəti qəbul mərhələləri ilə bağlı məsələlər də aktuallaşacaq. Qeyd edək ki, DİM-in yaydığı statistikaya görə, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 12 min 650, rus bölməsi üzrə 675, hər iki bölmənin birgə müsabiqəsi üzrə 6825 yer olmaqla, ümumilikdə 20 min 150 yer nəzərdə tutulub. Həmin yerlərdən 15 min 200-ü dövlət sifarişi əsasındadır. I ixtisas qrupundakı plan yerlərinin RK (Riyaziyyat-Kimya) altqrupunda ümumilikdə 12 min 710 (o cümlədən Azərbaycan bölməsində 8610, rus bölməsində 360, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3740) yer ayrılıb. Bu altqrupunda dövlət sifarişi əsasında 8905 plan yeri olub. Rİ (Riyaziyyat-İnformatika) altqrupu üzrə isə ümumilikdə 7440 ( o cümlədən Azərbaycan bölməsində 4040, rus bölməsində 315, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3085) yer ayrılıb. Rİ altqrupunda dövlət sifarişi əsasında 6295 plan yeri olub. II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 900, rus bölməsi üzrə 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3620 yer olmaqla, ümumilikdə 16 min 30 plan yeri ayrılıb. Həmin yerlərdən 4185-i dövlət sifarişi əsasında maliyyələşdiriləcək. III ixtisas qrupunun DT (Dil-Tarix) altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyent müsabiqədə iştirak hüququ əldə edib. III ixtisas qrupunun TC (Tarix-Coğrafiya) altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 min 949, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 142 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb. Bu ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 848, rus bölməsi üzrə 1355, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2 min 350 yer olmaqla, ümumilikdə 15 min 553 yer nəzərdə tutulub. Nəhayət, qəbul planına əsasən, IV ixtisas qrupu üzrə Azərbaycan bölməsinə isə 3733, rus bölməsinə 335, hər iki bölmənin birgə müsabiqəsi üzrə 980 yer olmaqla, ümumilikdə 5048 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 3551 olub. DİM-in məlumatına görə, əczaçılıq ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 5 yerin, ictimai səhiyyə ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 10 yerin və stomatologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 7 yerin müsabiqəsində Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak ediblər. Son rəsmi məlumata əsasən, ümumilikdə  84487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.  Beləliklə, qəbul prosesinin nəticələri yalnız abituriyentlərin hansı ali təhsil müəssisəsinə və ixtisasa qəbul olunacağını müəyyənləşdirməyəcək, eyni zamanda bu il ölkənin ali təhsil sistemində formalaşan ümumi mənzərəni də ortaya qoyacaq. Müsabiqənin nəticələri əsasında ayrı-ayrı ixtisaslara olan maraq, keçid ballarında mümkün dəyişikliklər və abituriyentlərin seçim meylləri də aydınlaşacaq. Nəticələrin elan olunması ilə abituriyentlər üçün seçim prosesinin ən həyəcanlı mərhələsi başa çatacaq.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib ki, hazırkı dövrdə ali təhsil müəssisələrinə qəbulun səviyyəsi kəmiyyət baxımından rekord genişlənmə, keyfiyyət analizi müstəvisində isə dərin struktur qütbləşməsi ilə xarakterizə olunur.

Mütəxəssisin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) və Elm və Təhsil Nazirliyinin elmi-statistik hesabatları göstərir ki, ümumi qəbul planının dolma göstəricisi 90%-i aşaraq tələbə kontingentinin miqyasını əhəmiyyətli dərəcədə böyüdüb: “Lakin buna baxmayaraq artım abituriyentlərin akademik hazırlıq səviyyəsinin yüksəlməsi mənasına gəlmir. Ali təhsilə qəbul parametrlərini fəlsəfi və funksional cəhətdən dəyərləndirdikdə, prosesdə dörd fundamental meyillilik ön plana çıxır. İlk növbədə, kəmiyyət ekstansivliyi və “kütləviləşən ali təhsil” paradoksu özünü büruzə verir. Belə ki, son illərdə dövlət sifarişli yerlərin payı ümumi planın, təxminən, 50 faizə çatdırılıb, bəzi mühəndislik, iqtisadiyyat və aqrar ixtisaslarda müsabiqə həddi 150 bala endirilib. Bu addım ali təhsilə əlçatanlığı sosial cəhətdən maksimuma yüksəltsə də, 5-10 il əvvəl ali məktəb elit rəqabət məkanı olduğu halda, bu gün onun kütləvi xidmət sektoruna çevrildiyini göstərir. Lakin rəsmi statistikada abituriyentin proqram materialını mənimsəmə əmsalının ortalama hələ də 23–60% civarında dəyişməsi kontingentin genişlənməsinin akademik mükəmməlliklə paralel getmədiyini sübut edir. Bu proses həmçinin akademik qütbləşmə və uçurum effektini dərinləşdirir, çünki imtahan nəticələrində kəskin şaxələnmə müşahidə olunur. Bir tərəfdən hər il buraxılış və blok mərhələlərində 600-700 arası ekstremal yüksək bal toplayan, intellektual hazırlığı beynəlxalq standartlara cavab verən, say baxımından çox olmayan bir qrup formalaşır, digər tərəfdən isə 150-250 bal aralığında yığılan böyük bir abituriyent kütləsi yaranır. Ötən illərlə müqayisədə orta təbəqə abituriyent profilinin zəifləməsi və sistemin elit ilə minimal kompetensiyaya malik təbəqələr arasında ikiqütblü paylanmaya doğru meyil etməsi, orta məktəblərdəki təhsil keyfiyyəti bərabərsizliyinin ali məktəb kontingentinə birbaşa proyeksiya olunmasıdır. Digər tərəfdən, ixtisas seçimində praqmatizm və müəllimlik ixtisaslarında rəqabət strukturunun dəyişməsi diqqəti cəlb edir. Cari ildə müəllimlik ixtisası üzrə qəbul planının və regional yerlərin optimallaşdırılması kontekstində, həmçinin MİQ imtahanlarındakı rəqabət fonunda tələbə namizədlər artıq pedaqoji ixtisaslara daha şüurlu yanaşır, paralel olaraq İT, kibertəhlükəsizlik və mühəndislik sahələri prioritet statusunu qoruyur. Əvvəlki illərdə diplom xatirinə seçilən bir çox ixtisasların artıq subbakalavrların sənədsiz keçid və ya aşağı ballı kütlənin cəmləşdiyi sahələrə çevrilməsi əmək bazarının diktəsi ilə yüksək ballı abituriyentlərin seçim coğrafiyasını kəskin daraldıb və rasionallaşdırıb. Nəhayət, kurikulum və qiymətləndirmə modellərinin sinxronizasiya problemi bu fərqi daha da qabardır, çünki DİM-in elmi-statistik təhlilləri açıq və situasiya tipli tapşırıqlarda abituriyentlərin funksional savadlılıq səviyyəsinin hələ də baza səviyyəsində olduğunu göstərir. Ötən illərlə müqayisədə test mexanizmləri təkmilləşsə və təfəkkürün yoxlanılmasına yönəlsə də, orta məktəblərin bu qiymətləndirmə modelinə adaptasiya sürəti geridə qalır və bu səbəbdən məktəb proqramı ilə imtahan tələbləri arasındakı kompensasiya boşluğu hələ də repetitorluq institutu tərəfindən doldurulur. Akademik və fəlsəfi müstəvidə indiki qəbul səviyyəsini kəmiyyət silsiləsində keyfiyyət axtarışı kimi qiymətləndirmək olar. Sistem dövlətin hədəflədiyi insan kapitalının kütləvi inkişafı modelini uğurla icra edərək universitet qapılarını daha çox gəncin üzünə açsa da, bu gənclərin akademik yazı, elmi tədqiqat və tənqidi təfəkkür kimi ali təhsilin funksional tələblərini mənimsəməyə hazırlıq dərəcəsi ötən illərə nisbətən ortalama statistikada dinamik yüksəliş nümayiş etdirmir”.

 

Təhsil eksperti Səbuhi Abdullayev isə bildirib ki, bu il birinci və ikinci qrupda ayrılan plan yerləri ərizə verənlərin sayı nisbətində kifayət qədər yaxşıdır:

Bahalı məktəblər valideyn psixologiyasında təhlükəsizlik illüziyası  yaradır” - AÇIQLAMA Pravda.az

“Bu səbəbdən ali məktəblərə qəbul olmaq şansı kifayət qədər yüksəkdir. Yəni birinci və ikinci qrupda  həm bakalavrlar, həm də subbakalavrların bu istiqamətdə şansları daha çoxdur. Üçüncü və dördüncü qrupda isə gərginlik həmişəkindən daha da artıqdır. Bu il çüncü qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı kifayət qədər artdığına görə ilkin nəticədə bura qəbul olmaq istəyənlər arasında ciddi rəqabət yaranır. Sözügedən qruplarda heç subbakalavrların şansları qalmır ki, universitetə qəbul ola bilsinlər. Təbii ki, bütün bunlarla yanaşı yeni ixtisasların açılması, eyni zamanda bəzilərinin bağlanması, yaxud dövlət sifarişinə keçməsi kimi hallar da var. Ümümiyyətlə, hal-hazırkı vəziyyətdə qəbul planına uyğun ixtisas seçənlərin əksəriyyəti - 87140 iddiaçı ərizəsini təsdiqləyib. Qarşıdakı günlərdə ixtisas seçiminin nəticələri açıqlanacaq. Bundan sonra boş qalan yerlərlə bağlı ixtisas seçimi keçiriləcək. Dediyimiz kimi, üçüncü qrupda vəziyyət daha gərgindir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 20 Avqust 2026, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin