BURADA REKLAMINIZ OLA
BİLƏR

“İnsanlar müəyyən məbləğ ödəyəndə düşünürlər ki, həmin vəsait birbaşa həkimin cibinə gedir”

Özəl klinikalarda tibbi xidmət və prosedurlar üçün ödəniş edən pasiyentlər bəzən istifadə olunan steril əlcək, spirt və digər tibbi ləvazimatların qiymətinin də ayrıca hesablandığını və pasiyent tərəfindən ödənildiyini bildirirlər. Halbuki steril əlcək və dezinfeksiyaedici vasitələrin prosedurlar zamanı gigiyena və infeksiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri vasitələr hesab olunduğunu deyirlər. Bu isə tibbi prosedurun təhlükəsiz və standartlara uyğun həyata keçirilməsi üçün zəruri olan bu vasitələrin ayrıca ödəniş kimi pasiyentin hesabına əlavə edilməsinin doğru olub-olmaması sualını doğurur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, istənilən proseduranın ümumi bazar qiyməti var.

 

Onun sözlərinə görə, prosedur həyata keçirilərkən sarğı materialı, sap, qayçı və s. kimi birdəfəlik istifadə olunan ləvazimatlar var və bütün bunlar da hesablanır: “Bu, özəl klinikanın çəkdiyi xərcdir. Təbii ki, klinikanın da gəliri üstünə gəlir və bu şəkildə alınır. Əslində bu rəqəmlər öncədən birdəfəlik hesablanıb yazılmalıdır ki, xəstədən hər dəfə belə xırdalıqla nəisə alınmasın. Amma təəssüflər olsun ki, bəzən belə hallar da müşahidə edilir”.

 

Məşhur radioloq Aydın Əliyev isə qeyd edib ki, özəl klinikada ödənilən hər bir məbləğdən işçilərin maaşı, vergi, üçqat işıq, su, varsa, qaz pulu verilir və çox böyük məbləğlər ortaya çıxır: “Düzdür, hər bir prosedurda steril əlcəkdən istifadə edilməlidir, ancaq işi ortadan deyil, əvvəldən düşünmək lazımdır. İstifadə edilməsi üçün öncə steril əlcək alınmalıdır. İnsanların gözlərinə məbləğlər böyük görünür. Türkiyədə özəl klinikada kurs keçdiyim zaman gördüm ki, orada fantastik qiymətlərdən söhbət gedir. Xəstəliklərin müalicəsi üçün azından 10-100 min avrolardan söhbət gedirdi. Demirəm ki, Azərbaycanda da elə olsun, ancaq adi bir sistemin qoşulması üçün tibb bacısı iştirak edir, tibbi ləvazimatlardan istifadə edilir. Təssüflər olsun ki, insanlarımız gedib müəyyən məbləğ ödəyəndə düşünürlər ki, həmin məbləğ birbaşa ya həkimin, ya da sahibkarın cibinə gedir. Əslində isə özəl klinikalarda məsrəflər çoxdur. Ən kiçik ləvazimatdan ən böyüyünə qədər verilən ödənişin daxilində nə qədər xərclər var. Məsələn bir MRT müayinəsi özəl klinikada 160 manatdırsa, bunun müəyyən hissəsi vergiyə gedir, işçilərin əmək haqqı və digər məsrəflər daxil olur. Cihaz bir dəfə xarab olduqda ən azından 3000-5000 avro onun təmirinə pul sərf olunur. Özəl sektorda vəziyyət ağırdır, çətindir. Digər ölkələrlə müqayisədə Azərbaycanda ödənişlər elə də çox deyil”.

 

Şəhanə Qədirli

Tarix: 20 Avqust 2026, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin