BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 4 yaşlı qızın ölümünə səbəb olan həkimlə bağlı qərar verdi

Ali Məhkəmədə ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Ümidəli Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2025-ci il martın 2-də İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

 

Belə ki, hərarəti qalxan 4 yaşlı Nurgül Qarayeva Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri olmuş, 1957-ci il təvəllüdlü Ümidəli Hüseynovun Qaradonlu kəndindəki evinə gətirilib. O, tibb müəssisəsindən kənarda hər hansı bir müalicənin aparılmasının, habelə “Seftriaksion” dərman preparatının sınaq qoyulmadan inyeksiya edilməsinin yolverilməz olmasına baxmayaraq, uşağa antibiotik iynəsi vurub. Vurulan iynədən şoka düşən Nurgül Qarayeva bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb. 

 

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, Ümidəli Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.

 

İmişli Rayon Məhkəməsinin hökmü ilə Ümidəli Hüseynov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma qadağan edilib.  Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Ümidəli Hüseynov 2012-ci ildən 2022-ci ilədək İmişli rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.

Tarix: 21 Avqust 2026, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin