BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini bıçaqlayan şəxs şərti cəza aldı, prokuror protest verdi – QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlqar Həsənovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

 

İttihama görə, hadisə 2025-ci ildə saat 22 radələrində Xaçmaz rayonunun Həsənqala kəndində baş verib.

 

Belə ki, İlqar Həsənov kəndin mərkəzi yolunda həmkəndlisi olan zərərçəkmiş Dadaş Bəşirovla (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman zərərçəkmiş şəxs ona sillə vurub və ünvanına nalayiq ifadələr işlədib. Sonra təqsirləndirilən şəxs həmkəndlisindən qisas almaq qərarına gəlib.

 

O, üzərində olan, soyuq silah hesab edilməyən mətbəx bıçağından silah qismində istifadə edərək Dadaşın qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə qarın boşluğuna nüfuz edən, nazik və yoğun bağırsağın zədələnməsi və peritonitlə müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib.

 

Məhkəmə-tibbi ekspertizanın nəticəsinə əsasən, həmin xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

 

İttihama görə, İlqar Həsənovun əməli yalnız zərərçəkmiş şəxsə ağır xəsarət yetirməklə məhdudlaşmayıb. Ona silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq ittihamı da verilib. Bildirilib ki, o, ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib və zərərçəkmiş şəxsə zor tətbiq etməklə qərəzli hərəkətlər törədib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Həsənov Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib. Ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olub. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verib.

 

Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin edib və birinci instansiya məhkəməsinin hökmünü qismən dəyişdirib. Belə ki, apellyasiya məhkəməsi İlqar Həsənovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində hökmü ləğv edib və həmin hissədə yeni hökm qəbul edib. Məhkəmə onun əməlində 221.3-cü maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı qənaətinə gəlib və bu ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verib. Bununla da onun xuliqanlıq ittihamı üzrə cinayət məsuliyyəti aradan qaldırılıb.

 

Eyni zamanda birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə bağlı hökmü də dəyişdirilib. İlqar Həsənov həmin maddə üzrə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, apellyasiya instansiyası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Nəticədə təyin edilmiş 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası şərti hesab edilib və onun barəsində 1 il 6 ay sınaq müddəti müəyyən olunub.

 

Beləliklə, İlqar Həsənov həm xuliqanlıq ittihamı üzrə bəraət alıb, həm də ağır xəsarət yetirmə ilə bağlı təyin olunmuş real həbs cəzasından şərti olaraq azad edilib.

 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 21 Avqust 2026, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin