BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan–Özbəkistan münasibətlərində mədəni bağların bu gün də yaşadığını aydın görmək mümkündür” - RƏY

“Azərbaycan və özbək dilləri eyni türk dil ailəsinə mənsub olsalar da, müxtəlif tarixi və coğrafi şəraitdə formalaşdıqları üçün onların həm oxşar, həm də fərqli xüsusiyyətləri var. Hər iki dil türk dillərinin aqqlütinativ quruluşunu qoruyub saxlayır. Yəni sözlərə şəkilçilər artırılmaqla yeni qrammatik mənalar yaradılır. Hər iki dildə cümlə quruluşunda, şəxs və zaman formalarında, eləcə də çoxsaylı türk mənşəli sözlərdə ciddi oxşarlıqlar müşahidə olunur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva deyib.

Professor Sevinc Əliyeva: Dərsliklərdə təqdim olunan mətnlər Azərbaycan  ədəbiyyatının zəngin nümunələri ilə əvəz edilməlidir

S.Əliyevanın sözlərinə görə, Azərbaycan dili türk dillərinin Oğuz qoluna, özbək dili isə əsasən Karluk qoluna daxildir və bu səbəbdən onların fonetik və leksik sistemində müəyyən fərqlər yaranıb: “Məsələn, ana, ata, su, dil, göz, baş kimi sözlər hər iki dildə ortaq türk dil irsinin izlərini daşıyır. Azərbaycan dilində “göz”, “söz”, “yaxşı” dediyimiz sözlər özbək dilində “ko‘z”, “so‘z”, “yaxshi” şəklində işlənir. Azərbaycan dilində məsdər əsasən -maq, -mək şəkilçisi ilə, özbək dilində isə -moq şəkilçisi ilə düzəlir. Dillərin formalaşmasına tarixi və coğrafi amillər də ciddi təsir göstərib. Azərbaycan dili Qafqaz, Anadolu və İran coğrafiyalarının kəsişməsində inkişaf etdiyindən ərəb, fars və digər dillərlə uzunmüddətli əlaqədə olub. Özbək dili isə Mərkəzi Asiyanın tarixi və mədəni mühitində, xüsusilə Səmərqənd, Buxara və Xivə kimi mühüm mədəniyyət mərkəzlərinin təsiri altında formalaşıb. Cığatay ədəbi dili və Əlişir Nəvainin yaradıcılığı da özbək ədəbi dilinin inkişafında mühüm rol oynayıb. Hesab edirəm ki, Azərbaycan və özbək dilləri arasındakı oxşarlıqlar bizim ortaq türk mənşəyimizi, fərqlər isə hər bir xalqın keçdiyi özünəməxsus tarixi və coğrafi inkişaf yolunu göstərir. Bu dilləri öyrənmək, əslində, türk dünyasının ortaq dil və mədəni irsini daha dərindən anlamağa imkan verir”.

 

Professor qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətlərində ortaq dil və mədəni bağların bu gün də yaşadığını aydın görmək mümkündür: “Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Daşkəndə dövlət səfəri zamanı da iki ölkə arasındakı münasibətlərin ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslandığı xüsusi vurğulanıb. Qeyd olunduğu kimi, bu münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Mənim üçün bu baxımdan çox maraqlı və duyğulu bir nümunə də Azərbaycan dilinə olan münasibətdir. Özbəkistanda Azərbaycan dilində salamlaşan, Azərbaycan dilini anlayan gəncləri və tələbələri gördükdə bunun yalnız dil yaxınlığı olmadığını hiss edirik. Bu, xalqlarımızın bir-birini sözlə, səslə və mədəniyyətlə tanımasının göstəricisidir. Eyni zamanda Prezident İlham Əliyevin də müxtəlif görüşlərdə Azərbaycan və özbək dillərindəki sözlərin yaxınlığına diqqət çəkməsi bu dil qohumluğunun gözəl nümunəsidir. Bu gün dövlət başçılarımızın yaratdığı möhkəm siyasi və mənəvi bağlar isə həmin ortaq irsin yeni nəsillərə ötürülməsinə böyük imkan yaradır. Dil bizi tariximizə bağlayan körpüdür və Azərbaycanla Özbəkistan arasında bu körpü bu gün daha da möhkəmlənir”.

 

Şəhanə Qədirli

Tarix: 24 Avqust 2026, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin