BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ortaq xüsusiyyətlər iki ölkənin mətbəxlərinin bir-birini tanıtması və kulinariya mübadiləsinin inkişafı üçün yaxşı zəmin yaradır” - RƏY

“Azərbaycan və Özbəkistan mətbəxləri coğrafi baxımdan fərqli məkanlarda formalaşsa da, onların arasında kifayət qədər güclü tarixi və mədəni bağlar var. Hər iki mətbəxdə ət, düyü, xəmir, tərəvəz və müxtəlif ədviyyatlardan geniş istifadə olunur. Süfrə mədəniyyətində ailə və qonaqpərvərlik mühüm yer tutur. Plov, kabab və xəmir yeməkləri hər iki xalqın mətbəxində xüsusi mövqeyə malikdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

 

O bildirib ki, əsas fərqlər isə daha çox bişirmə üsullarında və məhsulların kombinasiyasında özünü göstərir: “Özbək mətbəxinin ən tanınmış yeməyi plovdur və burada düyü ilə yanaşı qoyun əti, kök, soğan və müxtəlif ədviyyatların birlikdə bişirilməsi geniş yayılıb. Azərbaycan mətbəxində də plov mühüm yer tutur, lakin Azərbaycan plovlarının hazırlanma texnologiyası və təqdimatı fərqlidir. Azərbaycanda düyü çox vaxt zəfəran, şabalıd, quru meyvələr, göyərti və müxtəlif ət əlavələri ilə təqdim olunur. Özbək mətbəxində isə qazanda – qazanda bişirilən, daha yağlı və ətli plov növləri üstünlük təşkil edir. Azərbaycan mətbəxinin Özbəkistanda maraq doğura biləcək yeməkləri arasında müxtəlif plov növləri, dolma, lülə və tikə kabab, düşbərə, qutab, piti, xəngəl və kükü xüsusilə qeyd edilə bilər. Xüsusilə qutab və dolma kimi yeməklər həm hazırlanma texnologiyasına, həm də xəmir, ət və göyərtidən istifadə xüsusiyyətlərinə görə özbək istehlakçısı üçün maraqlı ola bilər. Şirniyyat və çay mədəniyyəti baxımından da Azərbaycan paxlavası, şəkərbura və müxtəlif mürəbbələr diqqət çəkə bilər”.

 

Nutrisioloq vurğulayıb ki, hər iki mətbəxin ortaq xüsusiyyətlərinin formalaşmasında qədim İpək yolu, türk və İslam mədəniyyətlərinin təsiri, eləcə də əsrlər boyu davam edən regional ticarət və mədəni əlaqələr mühüm rol oynayıb:“Ədviyyatların, quru meyvələrin, düyünün və müxtəlif məhsulların ticarət yolları ilə yayılması mətbəxlərin inkişafına təsir göstərib. Bundan əlavə, hər iki xalqda qonağa süfrə açmaq, yeməyi paylaşmaq və böyük süfrələr ətrafında bir araya gəlmək sadəcə qidalanma deyil, sosial və mədəni ənənə kimi qəbul olunur. Bu baxımdan Azərbaycan və Özbəkistan mətbəxləri arasında fərqlər olsa da, onların əsas fəlsəfəsində – təbii məhsullardan istifadə, doyumlu yeməklər, ət və düyünün geniş tətbiqi, çay süfrəsi və qonaqpərvərlikdə ciddi oxşarlıqlar mövcuddur. Məhz bu ortaq xüsusiyyətlər iki ölkənin mətbəxlərinin bir-birini tanıtması və kulinariya mübadiləsinin inkişafı üçün yaxşı zəmin yaradır”.

 

Şəhanə Qədirli

Tarix: 24 Avqust 2026, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin