BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Ermənistandakı həbslər Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlişi baxımından vacibdir”

“Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi əleyhdarlarına qarşı mübarizəni keyfiyyətcə yeni mərhələyə qaldırıb. Söhbət ilk növbədə Ermənistanın sabiq prezidentləri, hərbi canilər, Xocalı soyqırımını törədənlər Robert Köçəryan və Serj Sarkisyandan gedir. Eyni zamanda Paşinyanın digər rəqibi erməni katolikosudur. Bu baxımdan Paşinyan eyni vaxtda iki cəbhədə mübarizə aparmağa başlayır. Bu mübarizəni “Kim kimi?” şəklində də ifadə edə bilərik. Ya Paşinyan Köçəryan, Sarkisyan və katolikosa qarşı mübarizədə qalib gəlir, bununla da Ermənistanın gələcəyi ilə bağlı siyasi islahatlar yeni mərhələyə yüksəlir, ya da onlar birləşib Paşinyanı siyasi səhnədən uzaqlaşdırmağa nail olurlar. Nəzərə alsaq ki, Paşinyanın əlində çox ciddi dövlət resursları var, eyni zamanda o, parlament seçkilərində də qalib gəlib, xalqın etimadını qazanıb. Belə olan vəziyyətdə onun mövqeləri kifayət qədər güclü hesab olunur. Həmçinin Ermənistanda xalqın “Qarabağ klanı” və onun təmsilçilərinə qarşı münasibətləri də yaxşı deyil. Bu reallıq fonunda həm Köçəryanın, həm də Sarkisyanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən saxlanılması, hər ikisinə qarşı külli miqdarda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması, dövlət əmlakının mənimsənilməsi və bu kimi çox ciddi və ağır ittihamlar irəli sürülməsi göstərir ki, yəqin, yaxın zamanlarda Ermənistan məhkəməsi hər iki şəxslə bağlı ağır cəzanı tətbiq edəcək. Yalnız bundan sonra Paşinyanın öz siyasi islahatlarını, niyyətlərini həyata keçirməsi üçün əsas maneələr sıradan çıxacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, bunun ardınca erməni katolikosuna qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi istisna deyil: “Bu mübarizədə Paşinyan əsas rəqiblərini sıradan çıxardıqdan sonra onu doğrudan da mütləq qalib hesab etmək olar. Bu, həm də o baxımdan vacibdir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının ən kəskin əleyhdarları haqqında bəhs edilən şəxslər idi. Həm də Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlişi baxımından da vacibdir. Yeri gəlmişkən, Baş Prokurorluq da hələ 2022-ci ildə həm Köçəryana, həm də Sarkisyana qarşı cinayət işi açıb. Onlar hərbi canilərdir və burada ilahi ədalət də var. Azərbaycan hələ ki onların həbsini həyata keçirə bilməyib. Eyni missiyanı Ermənistan dövləti bu iki hərbi caniyə münasibətdə tətbiq etdi”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Avqust 2026, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin