BURADA REKLAMINIZ OLA
BİLƏR

Toy mərasimində anbardar qazlı içkilərə görə ofisiantı döydü

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəmaləddin İsayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.

 

İttihama görə, hadisə bu il saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Qızıl Saray” şadlıq sarayının toy mərasiminin keçirildiyi zalında baş verib.

 

Belə ki, Cəmaləddin İsayev həmin şadlıq sarayında anbardar vəzifəsində işləyib.

 

İttihamda göstərilib ki, toy mərasimi zamanı restoranın ofisiantı olan zərərçəkmiş Kamran Qulubəyov (soyadı şərtidir) qonaqların əyləşdiyi masalara qoymaq üçün anbardan qazlı içkilər götürmək məqsədilə bir neçə dəfə təqsirləndirilən şəxsə müraciət edib. Bu zaman anbardar ofisianta irad bildirib və onların arasında mübahisə yaranıb.

 

Daha sonra Kamranın baş vermiş mübahisə barədə restoranın icarədarına məlumat verməsi Cəmaləddinin narazılığına səbəb olub. O, heç bir əsaslı səbəb olmadan toy mərasiminin keçirildiyi zalda zərərçəkmiş şəxslə yenidən mübahisə edib və ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərə yol verib.

 

Cəmaləddin fiziki zor tətbiq edərək əlinin arxa hissəsi ilə Kamranın üz nahiyəsinə bir dəfə zərbə vurub. Zərbədən sonra zərərçəkmiş şəxsin gözün ağlı qişasında qansızma, sağ gözaltı nahiyəsində isə qançır və sıyrıq əmələ gəlib.

 

Ekspertiza nəticəsində həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.

 

İttiham tərəfi hesab edib ki, Cəmaləddinin hərəkətləri ictimai qaydanı kobud şəkildə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunan xuliqanlıq əməli kimi qiymətləndirilməlidir.

 

Məhkəmə baxışında Cəmaləddin İsayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, “Qızıl Saray” şadlıq sarayında anbardar işləyir. Hadisə günü toy məclisi keçirilən zaman Kamran anbardan meyvə şirəsi istəyib.

 

İsayev onun həddindən artıq israfçılıq etdiyini düşündüyünü və buna görə əsəbiləşdiyini deyib. O, meyvə şirəsini vermədiyini, bundan sonra ofisiantın restoranın müdiri Eltuna şikayət etdiyini qeyd edib.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Kamranın şikayət etməsini bildikdən sonra yenidən əsəbiləşib və onu kənara çəkərək əlinin arxa hissəsi ilə üz nahiyəsinə bir dəfə sillə vurub.

 

Cəmaləddin İsayev qeyd edib ki, ifadəsində sonradan zərərçəkmiş şəxsin Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdiyini bildirib. O, hazırda Kamranla barışdığını qeyd edib və məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2026, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin