BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Özəl xəstəxanada yüksək məbləğ ödəmək xidmətin dövlət xəstəxanasındakından daha keyfiyyətli olması demək deyil”

“Dövlət və özəl tibb müəssisələrinin müqayisəsi zamanı ilk növbədə bir məsələni ayırd etmək lazımdır: xidmətin qiyməti ilə onun tibbi keyfiyyəti həmişə eyni anlayış deyil. Vətəndaşın özəl tibb müəssisəsində daha yüksək məbləğ ödəməsi həmin tibbi xidmətin və ya peyvəndin avtomatik olaraq dövlət müəssisəsində təqdim ediləndən daha keyfiyyətli olması demək deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisinə Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

 

Deputat bildirib ki, xüsusilə peyvənd məsələsində vətəndaşlar Milli Peyvənd Təqviminə daxil olan vaksinlərin dövlət tibb müəssisələrində dövlət hesabına və ödənişsiz şəkildə təqdim olunduğunu bilməlidirlər: “Bu vaksinlərin keyfiyyəti, saxlanma şəraiti və təhlükəsizliyi ilə bağlı dövlət tərəfindən müvafiq nəzarət mexanizmləri mövcuddur. Buna görə də sırf “ödənişlidirsə, deməli daha yaxşıdır” yanaşması tibbi baxımdan doğru deyil. Eyni zamanda insanların müəyyən hissəsinin özəl tibb müəssisələrinə üstünlük verməsinin səbəblərini də araşdırmaq lazımdır. Burada yalnız tibbi xidmətin özü deyil, xidmətin təşkili və pasiyent təcrübəsi mühüm rol oynayır. Növbənin az olması, əvvəlcədən konkret vaxta yazılmaq imkanı, həkim seçimi, daha rahat şərait, personalın pasiyentlə ünsiyyəti və xidmətin operativliyi insanların seçimlərinə təsir edir. Bəzən vətəndaş tibbi prosedurun özünə deyil, məhz bu rahatlığa və xidmət modelinə əlavə pul ödəyir. Bu, dövlət səhiyyəsi üçün də mühüm siqnaldır. Son illərdə dövlət tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, icbari tibbi sığortanın tətbiqi və Xidmətlər Zərfinin genişləndirilməsi nəticəsində çoxsaylı tibbi xidmətlər vətəndaşlar üçün əlçatan olub. Növbəti mərhələdə əsas diqqət xidmət mədəniyyətinin, pasiyent məmnunluğunun, elektron növbə və qeydiyyat sistemlərinin, həkimə çıxış imkanlarının və vətəndaşın məlumatlandırılmasının daha da yaxşılaşdırılmasına yönəldilməlidir”.

 

M.Məmmədli özəl xəstəxanalarda qiymətlərin baha olması barədə narazılıqlara da aydınlıq gətirib: “Özəl tibb müəssisələrinin qiymətlərinə gəldikdə isə bazar iqtisadiyyatı şəraitində onların qiymət siyasətinə əməkhaqqı, avadanlıq, dərman və tibbi materialların maya dəyəri, icarə və digər xərclər təsir edir. Ancaq bu, qiymətlərin əsassız şəkildə artırılmasına haqq qazandırmamalıdır. Pasiyent xidmətin real qiymətini, həmin qiymətə nələrin daxil olduğunu əvvəlcədən və şəffaf şəkildə bilməlidir. Xüsusilə, sosial əhəmiyyətli tibbi xidmətlərdə qiymətlərin formalaşmasının şəffaflığı və istehlakçı hüquqlarının qorunması vacibdir. Hesab edirəm ki, əsas məqsəd insanları “dövlət, yoxsa özəl?” seçimi qarşısında qoymaq deyil. Məqsəd budur ki, vətəndaş dövlət tibb müəssisəsinə müraciət etdikdə də keyfiyyətli tibbi xidmətlə yanaşı, diqqətli münasibət, rahatlıq və operativ xidmət görəcəyinə əmin olsun. Dövlət səhiyyəsinə etimadın güclənməsinin ən təsirli yolu məhz budur. Vətəndaşlarımıza çağırış edirəm ki, xüsusilə peyvənd kimi məsələlərdə qiyməti keyfiyyət göstəricisi kimi qəbul etməsinlər, rəsmi səhiyyə qurumlarının məlumatlarına əsaslansınlar və dövlətin ödənişsiz təqdim etdiyi imkanlardan istifadə etsinlər”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Avqust 2026, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin