BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini yumruqla vuraraq ağır yaralayan şəxsə 5 il HƏBS CƏZASI

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlqar Əskərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2025-ci ildə saat 21 radələrində Masallı rayonunun Şatıroba kəndində baş verib.

 

Belə ki, İlqar Əskərov həmin vaxt kənddə olarkən qardaşı ona telefonla zəng edərək həmkəndlisi olan zərərçəkmiş Faiq Babayev (adı, soyadı şərtidir) onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirib. Bundan sonra təqsirləndirilən şəxs həmkəndlisinin Şatıroba kəndində məscidin qarşısında olduğunu öyrənərək həmin əraziyə gedib.

 

O, zərərçəkmiş şəxsin həqiqətən qardaşı barədə nalayiq ifadələr işlədib-işlətməsini aydınlaşdırmadan Faiqin üzərinə hücum edib və aralarında mübahisə yaranıb.

 

İttihamda İlqarın ictimai qaydanı pozaraq xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə yumruqla zərbə vurduğu, zərbədən sonra onun müvazinətini itirərək asfaltın üzərinə yıxıldığı göstərilib.

 

Nəticədə Faiq baş nahiyəsindən ağır xəsarətlər alıb.

 

İş üzrə keçirilmiş ekspertizanın nəticələrinə əsasən, zərərçəkmiş şəxsdə açıq kəllə-beyin travması, baş beyninin əzilməsi, ənsə sümüyünün sınığı, subaraxnoidal qansızma, sol alın payının hemorragik kontuziyası, başın ənsə nahiyəsinin və sol qulaq seyvanının əzilmiş yarası müəyyən edilib.

 

Məhkəmə materiallarına görə, həmin xəsarətlərdən bəziləri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Əskərov Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Kamal Məmmədov

 

Tarix: 28 Avqust 2026, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin