BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtoyuma məntəqəsində ona qeyri-səmimi baxan şəxsi bıçaqladı – QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Habil Ömərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İbtidai araşdırma orqanı tərəfindən Habil Ömərov ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik ifadə edib, üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə etməklə vətəndaşa zor tətbiq edib. Həmçinin ona qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətdiyi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduğu bildirilib.

 

Məlumata görə, hadisə 2024-cü ildə saat 22 radələrində Gədəbəy rayonu ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

 

Təqsirləndirilən şəxsin əvvəllər tanımadığı zərərçəkmiş Uğur Məmişov (adı, soyadı şərtidir) və onun yanında olan dostunun ona qeyri-səmimi baxışlarla baxmasını bəhanə etdiyi bildirilib.

 

O, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxslə mübahisə edib və ətrafdakı insanların gözü qarşısında zor tətbiq etməyə başlayıb. Sonra Habil üzərində gəzdirdiyi bıçağın arxa tərəfi ilə Uğurun təpə nahiyəsinə zərbə vuraraq ona əzilmiş yara xəsarəti yetirib. Bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.

 

Bundan sonra təqsirləndirilən şəxsin turist bıçağından silah qismində istifadə etdiyi qeyd olunub. Həmin bıçaqla zərərçəkmiş şəxsin sol çiyin, sol sağrı və sağ qoltuqaltı nahiyələrinə zərbələr endirilib.

 

Lakin hadisə bununla yekunlaşmayıb.

 

Habilin daha sonra Uğurun döş qəfəsinin arxa səthinin sol tərəfinə bir dəfə zərbə vurduğu qeyd olunub. Nəticədə zərərçəkmiş şəxsin sol ağciyəri zədələnib və hemopnevmotoraks yaranıb. Bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

 

İşə baxan Gəncə Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı fərqli hüquqi mövqeyə gəlib.

 

Belə ki, məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edib.

 

Məhkəmə hesab edib ki, Habilin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması sübuta yetirilib, lakin əməlin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün zəruri hallar müəyyən edilməyib.

 

Eyni zamanda, məhkəmə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə də təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlib. Bu səbəbdən həmin ittiham üzrə ona bəraət verilib.

 

Məhkəmənin hökmü ilə Habil Ömərov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Habil Ömərov şikayətində hökmlə razı olmadığını bildirib və işinə yenidən baxılaraq daha ədalətli qərar qəbul edilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2026, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin