BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışının kotanın altında qalaraq ölümünə səbəb olan traktorçu məhkəmə zalında həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Telman Qədirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham edilib.


İttihama görə, hadisə 2025-ci il martın 31-də saat 18:35 radələrində Bərdə rayonunun Təhlə kəndində, “Xam torpaq” adlanan ərazidə yerləşən fərdi təsərrüfat sahəsində baş verib.


Belə ki, Telman Qədirli həmin ərazidə tanışı, zərərçəkmiş Xəyyam Məmmədovla birlikdə traktor üzərində təmir işləri aparıb.


Məlumata əsasən, təqsirləndirilən şəxsin sürücülük hüququ olub və o, ayıq vəziyyətdə başqa şəxsə məxsus “Belarus 1221.2” markalı traktoru idarə edib.
 

Hadisə zamanı traktora qoşulmuş rotovatorun – torpağın əzilməsi üçün istifadə olunan kənd təsərrüfatı avadanlığının yuxarı qaldırılması tələb olunub. Telman Qədirli bu məqsədlə traktorun salon hissəsinə yaxınlaşıb. Lakin mühərriki işə salmazdan əvvəl sürətlər qutusunu neytral vəziyyətə gətirməyib və traktorun hərəkətə gəlməsinin qarşısını almaq üçün zəruri təhlükəsizlik tədbirlərini görməyib. O, traktorun salonuna əyləşmədən, sağ tərəfdəki qapını açaraq ayaqüstə vəziyyətdə əli ilə mühərriki işə salıb. Nəticədə traktor qəfil və ani şəkildə irəli hərəkət edib.


Həmin vaxt Xəyyam Məmmədov traktorla rotovatorun arasında yerdə uzanıqlı vəziyyətdə olub. Traktorun hərəkətə gəlməsi nəticəsində rotovator onun üzərinə aşıb. Hadisə zamanı Xəyyam Məmmədov ağır xəsarətlər alıb. Onun aldığı döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları nəticəsində ağciyərlərin zədələnməsi və bununla əlaqədar yaranan qanitirmədən vəfat edib.


İstintaqın gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxs təhlükəsizlik qaydalarına əməl etməklə hadisənin qarşısını almaq üçün texniki imkanının olmasına baxmayaraq, buna cinayətkarcasına etinasızlıq göstərib.


Bununla da onun ehtiyatsızlıqdan Xəyyam Məmmədovun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyi qənaətinə gəlinib.


Bərdə Rayon Məhkəməsi Telman Qədirlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib. Hökmə əsasən, ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Məhkəmə müəyyən edib ki, təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxsin barəsində əvvəllər seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbsə alınıb. Hökdən narazı qalan Telman Qədirli apellyasiya şikayəti verib.

Kamal Məmmədov 

Tarix: 31 Avqust 2026, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin