BURADA REKLAMINIZ OLA
BİLƏR

Müştəri taksi sürücüsünü ailəsinin gözü qarşısında döyərək burnunu sındırdı

Nizami Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Asəf Vəliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, hadisə 2024-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Asi” marketin qarşısındakı ensiz avtomobil yolunda baş verib.


Belə ki, həmin vaxt Asəf Vəliyev yolun kənarında dayanmış taksi avtomobilinə yaxınlaşıb. O, avtomobilin az əvvəl özü tərəfindən sifariş edilən taksi olduğunu düşünüb. Lakin qısa müddət sonra məlum olub ki, həmin taksi başqa müştərinin sifarişi əsasında gəlib. Bundan sonra Asəf Vəliyev özünün sifariş etdiyi taksinin sürücüsü ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona ünvanı izah etməyə başlayıb.


Bu zaman yolda yaranmış tıxac səbəbindən həmin ərazidən “Nissan Navara” markalı avtomobili ilə keçmək istəyən, əvvəllər tanımadığı zərərçəkmiş Maqsud Nəbiyev (adı, soyadı şərtidir) maşının pəncərəsindən təqsirləndirilən şəxsə tələsməsini və yolu boşaltmalarını bildirib. Zərərçəkmiş şəxsin bu sözləri Asəf Vəliyevin aqressiv davranışına səbəb olub.


O, heç bir əsaslı səbəb olmadan Maqsudun ünvanına nalayiq ifadələr işlədib. Asəf bununla kifayətlənməyərək zərərçəkmiş şəxsə yumruqla zərbələr endirib.


Hadisənin Maqsud üçün yaxınlarının gözü qarşısında baş verdiyi bildirilib. Onun atası, arvadı və azyaşlı övladları həmin vaxt hadisə yerində olublar.


İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs üçün əziz və dəyərli olan şəxslərin gözü qarşısında ona zor tətbiq etməklə xüsusi amansızlıq nümayiş etdirib.


Nəticədə Maqsudun üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirilib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə burun sümüyünün yerdəyişmiş sınığı, sağ gözaltı nahiyənin əzilmiş yarası, sol gözaltı nahiyənin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı və şişkinlik, tənəffüs məhdudluğu ilə müşayiət olunan digər xəsarətlər yetirilib.


Hadisədən sonra Asəf Vəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 31 Avqust 2026, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin