BURADA REKLAMINIZ OLA
BİLƏR

Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı

Şirvan Apellyasiya Məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən Ruhanə İmanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib, təqsirləndirilən şəxsə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə müalicə məqsədilə dişə taxılan breketə görə baş verib.

 

Belə ki, gəlinin dişlərinə həmin cihazı taxdırması 55 yaşlı qayınanası Xalidə Manafovanın xoşuna gəlməyib. Bu mövzuda başlayan mübahisə nəticəsində iki azyaşlı uşaq anası Ruhanə İmanova qayınanasını bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.

 

Ruhanə məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Amma bu cinayəti birdən-birə, səbəbsiz törətmədiyini iddia edib.

 

İş materiallarında yazır ki, Ruhanə əvvəlcə qayınanasının ölümünü intihar kimi qələmə vermək istəyib. Elə ərinə zəng edəndə də anasının özünü bıçaqladığını deyib. Amma polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra şöbədə hər şeyi etiraf edib.

 

Məhkəmədə qətlə yetirilən qadının oğulları da ifadə verib. Ruhanənin əri şahid kimi ifadə versə də, qardaşı mərhumun hüquqi varisi qismində tanınıb. O, anasını öldürdüyü üçün qardaşı arvadının ən ağır şəkildə cəzalandırılmasını xahiş edib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhanə İmanova 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 1 Sentyabr 2026, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin