BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Allahın Onu yumruqla müdafiə edən insanlara ehtiyacı var?”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev Qəbələdə özünü ateist kimi təqdim edən və dini mövzuda canlı yayımlarda müzakirələr aparan “Çevik” ləqəbi ilə tanınan bloger Məqsəd Bağırovun döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Professor Pravda.az-a açıqlamasında deyib ki, ateist baxışlarına görə bir insanın döyülməsi sadəcə sıradan bir narahatlıq deyil, ciddi ictimai suallar doğuran hadisədir.

 

O qeyd edib ki, bu hadisə insanları bir daha düşünməyə vadar edir: “Bəzi insanlar öz aqressiya və zorakılıqlarına dinin müdafiəsi adı altında necə belə asanlıqla bəraət qazandıra bilirlər? Ateistlə razılaşmaq da olar, razılaşmamaq da. “Allah yoxdur” deyən insanla mübahisə etmək, onun fikirlərini yanlış hesab etmək, arqumentlərini tənqid etmək mümkündür. Hətta onun düşüncələrini ifadəetmə formasını qəbul etməmək də hər kəsin haqqıdır. Lakin bir məsələ tamamilə aydın olmalıdır: heç kimin insanı inancına və ya inancsızlığına görə döyməyə haqqı yoxdur. Xüsusilə də zorakılığın din adına həyata keçirilməsi tamamilə yolverilməzdir. İslamın belə “müdafiəçilərə” ehtiyacı yoxdur. “Qurani-Kərim”də açıq şəkildə buyurulur: “Dində məcburiyyət yoxdur”. İnam zorla, qorxu, təhdid və ya yumruqla qəbul etdirilə bilməz. Çünki iman insanın azad seçimi, onun qəlbinin və şüurunun halıdır. İnsanla biliklə, məntiqlə və arqumentlə mübahisə etmək olar, onu fikirlərinin yanlışlığına inandırmağa çalışmaq mümkündür. Lakin arqumentin yerini yumruq tutursa, deməli, artıq arqument qalmayıb. Daha təhlükəlisi isə budur ki, bəzi insanlar özlərini “Allahın müdafiəçisi” rolunda görməyə başlayırlar. Burada haqlı bir sual ortaya çıxır: Məgər Uca Yaradanın Onu yumruqla müdafiə edən insanlara ehtiyacı varmı? Bir insan Allahın varlığını inkar edə bilər, bu, onun dünyagörüşüdür. Digər insan Allaha dərindən və səmimi şəkildə inana bilər, bu da onun haqqıdır. Cəmiyyət bütün insanların eyni cür düşündüyü zaman deyil, fərqli düşüncələrə baxmayaraq birgə yaşamağı bacardığı zaman sivil cəmiyyətə çevrilir. İnamsızı inancsızlığına görə döymək olmaz. İnanclını da inancına görə təhqir etmək olmaz. Nə ateizm aqressiyaya səbəb olmalı, nə də dindarlıq zorakılığa bəraət qazandırmalıdır. Təəssüf ki, məhz burada çox zaman anlayışların təhlükəli şəkildə dəyişdirilməsi baş verir. Bəziləri öz dözümsüzlüyünü dini hiss, aqressiyasını müqəddəs dəyərlərin müdafiəsi, adi zorakılığı isə iman uğrunda mübarizə kimi təqdim etməyə çalışırlar, lakin dinlə vəhşilik bir araya sığmaz. Həqiqi iman insanı daha mərhəmətli, daha insani, daha dözümlü və daha əxlaqlı etməlidir. Kimsə dinin müdafiəsi adı altında başqa bir insanı alçaldır, təqib edir və ya döyürsə, o, dini müdafiə etmir, sadəcə öz qəddarlığına bəraət qazandırır. Bu baxımdan deputat Fazil Mustafanın sosial şəbəkədə paylaşdığı fikrində ciddi həqiqət var: “Allahı qorumaq”, “dini qorumaq”, “məzhəbi qorumaq” adı altında cəmiyyətdə vəhşiliyə və zorakılığa yol vermək olmaz. Allahı yumruqla qorumaq olmaz. Həqiqəti isə insanı döyməklə sübut etmək mümkün deyil. Biz doğru mənəvi dəyərləri qorumaq istəyiriksə, ilk növbədə fərqli düşünən insanın ləyaqətinə hörmət etməyi bacarmalıyıq. Çünki insan ləyaqətinə hörmətin bitdiyi və zorakılığın başladığı yerdə təkcə mədəniyyət yox, həqiqi dindarlıq da bitir. Din insanı öz instinktlərindən yüksəldir, ona qəddarlıq üçün heç bir bəhanə vermir. Məhz buna görə də bir insanı inancına və ya inancsızlığına görə döyənlər dini müdafiə etmirlər. Onlar həm insan ləyaqətinə, həm də dinin özünün təbliğ etdiyi mənəvi dəyərlərə qarşı çıxırlar. İman yumruğa ehtiyac duymur, çünki həqiqi inamın ən böyük gücü zorakılıqda deyil, mənəviyyatda, mərhəmətdə və insanlıqdadır”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Sentyabr 2026, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin