BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxs yenidən məhkəmə qarşısında

Sabirabadda 85 yaşlı anasını öldürməkdə təqsirləndirilən Ağamirzə Zeynalovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.


İttiham aktına əsasən, Ağamirzə Zeynalov 2025-ci ilin iyul ayında alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Sabirabad rayonunun Mürsəlli kəndində yerləşən evə gəlib. Həmin vaxt onunla birlikdə yaşayan 1940-cı il təvəllüdlü anası Balabikə Zeynalova oğlunun gecə saatlarında sərxoş vəziyyətdə evə gəlməsinə etiraz edib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.


İstintaqla müəyyən edilib ki, Ağamirzə Zeynalov uzun müddət əvvəl boşandığı həyat yoldaşı ilə münasibətlərinin pozulmasında anasını günahlandırıb və bu səbəbdən onunla mübahisə edib. Ailə-məişət zəminində yaranan münaqişə zamanı təqsirləndirilən şəxs qisas niyyəti ilə anasına hücum edib. Hadisə zamanı yaşı və fiziki vəziyyəti səbəbindən müqavimət göstərmək imkanına malik olmayan Balabikə Zeynalovanın boğazından yapışaraq onu təxminən 10 saniyə müddətində boğub. Daha sonra isə yumruq və təpiklərlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.


Nəticədə zərərçəkmiş şəxsə üz və bədənin müxtəlif hissələrində yaralar, qançırlar, dodaqlarda qansızmalar, boyun və ətraflarda çoxsaylı xəsarətlər yetirilib. Bundan əlavə, onun alın-təpə sümüklərinin açıq xətti sınığı, baş beynin qişalarında və toxumasında qansızmalarla müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarətləri aldığı müəyyən olunub.


Ağamirzə Zeynalov anasının artıq hərəkətsiz vəziyyətə düşdüyünü və son nəfəsini verdiyini düşündükdən sonra törətdiyi əməli gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə bir neçə saat gözləyib. Daha sonra gecə saatlarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək anasının döyüldüyünü bildirib.


Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən Balabikə Zeynalova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qadın aldığı ağır xəsarətlər nəticəsində həmin gün səhər saatlarında xəstəxanada vəfat edib.


Məhkəmə istintaqı zamanı Ağamirzə Zeynalov ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağamirzə Zeynalova 16 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib, hökm cəza hissəsində dəyişdirilib. Ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılaraq 15 il 6 ay həddində müəyyən olunub.

 

Kamal Məmmədov 

Tarix: 7 Sentyabr 2026, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin