BURADA REKLAMINIZ OLA
BİLƏR

İslam bankçılığı ilə bağlı deputatdan AÇIQLAMA

“İslam bankçılığı maliyyə əməliyyatlarının şəriət, yəni İslam qanunları prinsiplərinə uyğun, faizsiz və ən vacibi real aktivlərə əsaslanaraq həyata keçirildiyi bir sistemdir. İslam bankçılığının əsaslandığı şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu da onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir. Son dövrlər dünyada, xüsusilə də ABŞ, Malayziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qatar və Böyük Britaniya kimi ölkələrdə İslam kapital bazarları və maliyyə institutlarının artımı hiss olunur. Buna görə də İslam bankçılığı Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verə və regional dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynaya bilər. İslam maliyyəsi xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və maliyyə inklüzivliyinin artırılması baxımından mühüm imkanlar yaradacaq. Hətta Azərbaycan regionda İslam maliyyəsinin əsas mərkəzlərindən birinə çevrilə bilər, lakin hələ Azərbaycanda bu bankçılığın nə vaxt tətbiq olunacağı ilə bağlı rəsmi tarix və ya konkret yol xəritəsi açıqlanmayıb. Bu sahədə irəliləyiş daha çox qanunvericilik dəyişikliklərindən, maliyyə sektorunun hazırlığından və bazar tələbatından asılıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov vurğulayıb ki, İslam bankçılığının bir neçə cəhəti var ki, bu cəhətlər onu adi bankçılıqdan fərqləndirir: “Belə ki, İslam bankçılığında bütün alqı-satqı və kirayə əməliyyatları yalnız real, göz qabağında olan aktivlərə əsaslanır. Əslində bu növ bankçılıqda faizlər qadağandır. Tütün və alkoqol məhsullarına, qeyri-halal mallara, silahlara sərmayə qoymaq və onların ticarətini aparmaq da olmaz. Qumar və şəriətə zidd olan başqa bank və maliyyə sahələrinə də sərmayə qoymaq və oradan gəlir götürməyə çalışmaq qadağandır. İslam bankçılığını fərqləndirən maraqlı cəhətlərdən biri də hər hansı risklərdən yan keçə bilmək üçün mal və xidmət bazarlarında həyata keçirilən bütün əməliyyatların şəffaf və açıq olmasının vacibliyidir. Müştəri adi kommersiya bankının verdiyi, məsələn, 100 min dollarlıq krediti müəyyən edilmiş müddət ərzində müəyyən faizli ödənişlərlə qaytarır. Məbləği tam qaytardıqdan sonra 100 min dollar əsas məbləğ, məsələn, əlavə təqribi bir rəqəm deyək, missal 50 min dollar faiz ödəmiş olur. İslam bankçılığında isə müştərinin almaq istədiyi 100 min dollarlıq bir malı - daşınmaz əmlakı özü alaraq müşətəriyə yenidən 110 min dollara satır. Müştəri həmin məbləği müəyyən edilmiş müddət ərzində bərabər ödənişlərlə qaytarır. Nəticədə, sadəcə olaraq "faiz" kəlməsindən qaçınmış olur. İslam bankı ilə kommersiya bankı arasındakı mühüm fərq məhz biznes kreditlərinin reallaşdırılmasıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 8 Sentyabr 2026, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin