BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda motosikletin sürücüsü ona maşınla yol verməyən şəxsi bıçaqladı - CƏZA

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Cabir İbadovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama əsasən, hadisə 2025-ci il tarixdə saat 20:10 radələrində Yasamal rayonu, Tbilisi prospekti 1058 ünvanında yerləşən “Neptun” marketin qarşısında başlayıb.

 

Cinayət işi üzrə təqsirləndirilən Cabir İbadov “Bajaj Pulsar NS200” markalı motosikletlə hərəkətdə olub. Həmin vaxt “Daewoo Lanos” markalı avtomobilin sürücüsü, zərərçəkmiş Tahir Vəliyev (adı, soyadı şərtidir) motosikletə yol verməyib və maşını ilə onu sıxıb. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Sonra avtomobilin sürücüsü münaqişəni dayandırmağa çalışsa da, təqsirləndirilən şəxs bununla kifayətlənməyib. O, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə idarə etdiyi motosikletlə zərərçəkmiş şəxsi təqib edib və qarşıdurmanı davam etdirib.

 

Hadisə daha sonra Yasamal rayonuna aid ərazidə, Bakı-Sumqayıt yolunu Moskva prospekti ilə birləşdirən tuneldə davam edib. Cabir həmin ərazidə Tahirin qarşısını kəsərək münaqişəni davam etdirib.

 

Çoxsaylı insanların olduğu yerdə baş verən hadisə zamanı ictimai qayda kobud şəkildə pozulub, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verilib.

 

Bu zaman təqsirləndirilən şəxs əlində olan, istintaqla müəyyən edilməyən ucu iti-kəsici alətdən silah qismində istifadə edib. Cabir həmin alətlə Tahirin idarə etdiyi avtomobilin sürücü tərəfdən sol yan şüşəsini qəsdən vuraraq sındırıb. Nəticədə avtomobilə 300 manat məbləğində maddi ziyan dəyib. Lakin qarşıdurma bununla yekunlaşmayıb.

 

Təqsirləndirilən şəxs əlindəki ucu iti-kəsici alətlə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağ göz nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə Tahir sağ gözündən ağır xəsarət alıb.

 

Hadisədən sonra Cabir İbadov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təyin olunan cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub. Hökmdən narazı qalan Cabir İbadovun müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiə tərəfi hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 131.2-ci maddəsinə tövsif edilməsini xahiş edib.

 

Apellyasiya şikayətində həmçinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərdə tutulan hissədə amnistiyanın tətbiq olunması istənilib.

 

Bundan başqa, müdafiə tərəfi mülki iddianın təmin edilməsi hissəsində də hökmün ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini istəyib.

 

Kamal Məmmədov

Tarix: 9 Sentyabr 2026, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin