BURADA REKLAMINIZ OLA
BİLƏR

Yolda tanışının avtomobilini qəsdən zədələdi, sahibini bıçaqladı, maşını dərəyə saldı – CƏZA

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada, xuliqanlıqda və əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Vahid Əmirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nicat Ağabəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2025-ci il tarixdə saat 05:30 radələrində Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, Vahid Əmirov idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə tanışı, 1981-ci il təvəllüdlü, zərərçəkmiş Namiq İranovun (adı, soyadı şərtidir) idarə etdiyi “Mercedes-Benz E 270” markalı  maşının sol ön hissəsinə qəsdən vuraraq nəqliyyat vasitəsini zədələyib. Zərbənin nəticəsində zərərçəkmiş avtomobili yolun kənarında saxlamağa məcbur olub.

 

Lakin bundan sonra hadisə başa çatmayıb.

 

Təqsirləndirilən şəxs kənar şəxslərin olduğu yerdə zərərçəkmişlə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb. O, üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək Namiqin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsdə alt çənənin səthi yarası, qarnın sol yan hissəsinin səthi yarası və sol saidin arxa səthinin yarası əmələ gəlib. Bundan başqa, onun sol budunun arxa səthində deşilmiş-kəsilmiş yara və yaranın ətrafında geniş həcmli hematoma yaranıb.

 

Vahidin hərəkətləri bununla da yekunlaşmayıb. O, silah qismində istifadə etdiyi bıçağın arxa tərəfi ilə Namiqə məxsus “Mercedes-Benz E 270” markalı avtomobilin arxa alın şüşəsini sındırıb. Daha sonra isə avtomobili məhv etmək və ya zədələmək məqsədilə başqa hərəkətə əl atıb.

 

Məlumata görə, Vahid dayanmış vəziyyətdə olan avtomobilə əyləşmədən onun sürətlər qutusunu “D” vəziyyətinə keçirib və maşını hərəkət etdirərək yaxınlıqdakı dərəyə salıb. Nəticədə avtomobilə 5200 manat, yəni xeyli miqdarda maddi ziyan dəyib.

 

Məhkəmə araşdırması nəticəsində Vahid Əmirovun hərəkətləri Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 186.2.2-ci (ümumi təhlükəli üsulla özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla qəsdən zədələmə) və 221.3-cü (silah qismində istifadə edilən əşyadan istifadə etməklə törədilən qərəzli xuliqanlıq) maddəsi ilə tövsif edilib.

 

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

 

Tarix: 10 Sentyabr 2026, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin