BURADA REKLAMINIZ OLA
BİLƏR

Abidələri bərpa edərkən onları qoruyacaq insanı da yetişdirməliyik – RƏY

Tarixi abidələr xalqın keçmişini yaşadan, milli yaddaşı gələcək nəsillərə ötürən qiymətli irs nümunələridir. Bu məkanlara münasibət isə cəmiyyətin öz tarixinə və mədəni dəyərlərinə verdiyi qiymətin göstəricisidir. Təəssüf ki, son dövrlərdə bəzi tarixi və mədəni məkanların divarlarına, daşlarına müxtəlif yazıların həkk edilməsi, onların üzərində izlər buraxılması halları ilə qarşılaşırıq. Xüsusilə, Şuşada tarixi daşların yazılması, bundan az əvvəl Bakıda "Nizami" kinoteatrının divarlarının müxtəlif yazılarla çirkləndirilməsi kimi hallar ictimaiyyətin haqlı narazılığına səbəb olub. Bu cür davranışlar sadəcə ətraf mühitin və şəhər görünüşünün pozulması deyil, həm də gələcək nəsillərə məxsus olan tarixi irsə hörmətsizlikdir. Tarixi abidələrin qorunması yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın, xüsusilə də, gənclərin üzərinə düşən mühüm məsuliyyətdir. Bu baxımdan gənclər arasında tarixi-mədəni irsin qorunması ilə bağlı düzgün davranış qaydalarının təbliği və maarifləndirmə işlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova deyib ki, tarixi-mədəni abidələrə münasibət keçmişə münasibətdir

Elnarə Akimova: “Tarixi irsin qorunması ilə müasirliyin uzlaşdırılması  Azərbaycan şəhərsalma siyasətinin əsas xəttinə çevrildi” Pravda.az

Deputatın sözlərinə görə, Şuşada tarixi daşların üzərinə yazı yazılması və daha əvvəl Nizami Kinoteatrı ilə bağlı yaşanan narazılıqlar göstərir ki, məsələni yalnız ayrı-ayrı insanların məsuliyyətsiz davranışı kimi qiymətləndirmək kifayət deyil: “Burada həm mədəni irsin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması, həm də bu irsə münasibətdə şəxsi məsuliyyət hissinin formalaşdırılması məsələsi var. Xüsusilə, gənclər arasında belə halların baş verməsi “gənclər tarixə maraq göstərmir” kimi ümumiləşdirilmiş qənaət yaratmamalıdır. Əksinə, bu gün gənclərin tarixə, milli kimliyə və Şuşanın timsalında azad edilmiş torpaqlarımızın mədəni irsinə marağı kifayət qədər böyükdür. Problem daha çox bu marağın düzgün istiqamətləndirilməsi və tarixi məkanla emosional bağın yaradılması ilə bağlıdır. Gənc tarixi abidəni sadəcə “köhnə daş” kimi deyil, üzərində xalqın yaddaşının, ağrısının, sənətinin və taleyinin izlərini daşıyan canlı bir miras kimi qəbul etməlidir. Bəzən mədəni irsi qorumağı qadağalar və cəzalar üzərindən izah edirik. Təbii ki, qanunun tələbləri və məsuliyyət mexanizmləri olmalıdır. Lakin yalnız “bunu etmək olmaz” deməklə uzunmüddətli nəticə əldə etmək çətindir. İnsan əvvəlcə nəyi və niyə qoruduğunu anlamalıdır. Tarixi abidənin üzərinə yazı yazmamağın səbəbi sadəcə onun zədələnməsi deyil; həmin daşın artıq bizim deyil, gələcək nəsillərin də haqqı olmasıdır. Təbliğat və maarifləndirmə işlərini də məhz bu baxımdan yenidən düşünmək lazımdır. Tarixi faktları sadalamaqla kifayətlənməməli, mədəni irsi gəncin gündəlik dünyasına yaxınlaşdırmalıyıq. Sosial şəbəkələrdə qısa və təsirli videolar, real tarixi hekayələr, abidələrin “dili ilə” danışan layihələr, məktəblərdə və universitetlərdə interaktiv proqramlar, gənclərin özlərinin iştirak etdiyi maarifləndirici kampaniyalar daha böyük təsir yarada bilər. Çünki bu gün gəncə çatmaq üçün onun olduğu məkanda, onun istifadə etdiyi dildə danışmaq lazımdır. Şuşa xüsusilə həssas məkandır. Oradakı hər daşın, hər divarın, hər küçənin öz yaddaşı var. Bu şəhərin tarixini qorumaq yalnız mütəxəssislərin, dövlət qurumlarının və ya aidiyyəti təşkilatların vəzifəsi deyil. Şuşaya gedən hər bir insan özünü həmin irsin müvəqqəti qoruyucusu kimi hiss etməlidir. Orada buraxdığımız iz bizim mədəni səviyyəmizin də izidir. Məncə, burada ən vacib məsələ gəncləri ittiham etmək yox, onlarda “bu mənim mirasımdır və mən ona toxunaraq yox, onu qoruyaraq öz izimi qoymalıyam” düşüncəsini formalaşdırmaqdır. Çünki tarixə hörmət qorxudan doğanda müvəqqəti, mənəvi məsuliyyətdən doğanda isə davamlı olur. Nizami Kinoteatrı kimi şəhər yaddaşının bir parçasına münasibətdə də eyni həssaslıq tələb olunur. Tarixi və memarlıq dəyəri olan məkanlar yalnız daş və divardan ibarət deyil. Onlar bir şəhərin yaddaşını, insanların xatirələrini, bir dövrün həyat tərzini özündə saxlayır. Bir abidə fiziki olaraq bərpa edilə bilər, amma ona qarşı cəmiyyətin yaddaşında yaranmış laqeydliyi bərpa etmək daha çətindir. Ona görə də mədəni irsin qorunması istiqamətində maarifləndirmə işlərini epizodik kampaniyadan davamlı mədəniyyət siyasətinə çevirmək lazımdır. Uşağa tarixini sevdirmək, gəncə abidəsinin dəyərini anlatmaq, cəmiyyətə isə mədəni irsin qorunmasının vətəndaş məsuliyyəti olduğunu aşılamaq uzunmüddətli nəticənin əsas şərtidir. Çünki abidələri yalnız dövlət qorumur - onları cəmiyyət qoruyur. Dövlət qanunu və mexanizmi yaradır, amma həmin irsin gələcək nəsillərə salamat çatıb-çatmayacağını gündəlik davranışlarımız müəyyən edir".

 

"Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, kulturoloq Əbülfəz Babazadə isə deyib ki, Şuşada qayaların üzərinə yazı yazılması, Nizami Kino Mərkəzinin fasadına müdaxilə kimi hallar cəmiyyətin mədəni irslə münasibətində ciddi tərbiyə problemini üzə çıxarır:

“İnsan tarixi məkanı şəxsi izini qoyacağı səth kimi görürsə, deməli, həmin məkanın mənasını, ictimai dəyərini və gələcək nəsillər qarşısındakı məsuliyyətini yetərincə dərk etmir. Burada biganəliklə yanaşı, özünü nümayiş etdirmək həvəsi və ümumi sərvətə şəxsi mülk kimi yanaşmaq vərdişi də rol oynayır. Bu məsələni mədəni immunitetin zəifliyi ilə əlaqələndirərdim. Mədəni immunitet insanın dağıdıcı, bayağı və məsuliyyətsiz davranışı tanıması, ondan çəkinməsi və belə davranışa etiraz etmək bacarığıdır. Bu, fərqli mədəniyyətlərə qapanmaq mənası daşımır - öz irsinə şüurlu münasibət, başqasının irsinə hörmət və ictimai məsuliyyət deməkdir. Güclü mədəni immunitetə malik insan nəzarətçi görməyəndə də abidəyə zərər vurmağı ağlından keçirmir. Cəmiyyətimizdə məhz belə yüksək mədəniyyətli insana böyük ehtiyac duyulur. Ali təhsil diplomu, vəzifə, maddi imkan və geniş məlumatlılıq hələ yüksək mədəniyyətin təminatı sayıla bilməz. Yüksək mədəniyyət insanın biliyini etik davranışa çevirməsi, şəxsi istəyinin sərhədini başqalarının və gələcək nəsillərin haqqı ilə müəyyənləşdirməsidir. Vətənə bağlılıq da konkret davranışda görünür. İnsanın tarix qarşısındakı məsuliyyəti onun abidəyə necə münasibət göstərməsindən başlayır. Bu baxımdan, təhsilin keyfiyyətinə ciddi suallarımız olmalıdır. Şagird abidənin tikilmə tarixini əzbərləyir, lakin onun nə üçün qorunmalı olduğunu izah edə bilmirsə, tədrisin tərbiyəvi məqsədi yarımçıq qalır. İmtahanda düzgün cavab verən insan gündəlik həyatda yanlış davranış göstərə bilər. Məktəb və universitet biliklə yanaşı, dəyər mühakiməsi, estetik həssaslıq və vətəndaş məsuliyyəti formalaşdırmalıdır. Kulturologiyanın təhsildəki yeri də məhz burada əhəmiyyət qazanır. Bu sahə insanın mədəni yaddaşı, tarixi mühiti, davranış normaları və birgəyaşayış məsuliyyəti arasındakı əlaqələri anlamağa kömək edir. Kulturoloji hazırlığın zəiflədilməsi, formal dərs səviyyəsində saxlanılması və dar peşə hazırlığının kölgəsində qalması gələcək üçün ciddi riskdir. Kafedra və fakültənin mövcudluğu ilə yanaşı, onların proqramlarının məzmunu, mütəxəssis hazırlığı və ictimai həyata təsiri qiymətləndirilməlidir. Belə hadisələr bizi həmin təhsilin insanın gündəlik davranışına nə qədər çata bildiyini soruşmağa vadar edir. Bir fənnin tədrisi bütün problemləri həll etməz, amma onun verdiyi düşüncə və məsuliyyət çərçivəsinin əhəmiyyəti böyükdür. Təbliğatın təsirini də tədbirlərin, afişaların və paylaşımların sayı ilə ölçmək səmərəsizdir. Əsas meyar insanların davranışında yaranan dəyişiklikdir. Hadisə baş verəndən sonra qınaq səsləndirmək lazımdır, lakin davamlı maarifləndirmə məktəbdən başlamalı, ailədə, mediada, muzeydə və ictimai məkanda bir-birini tamamlamalıdır. Abidənin tarixini danışmaqla yanaşı, ona vurulan zərərin nəyi itirdiyini, ilkin materialın və tarixi izlərin niyə əvəzolunmaz olduğunu anlaşıqlı şəkildə izah etmək lazımdır. Strateji yanaşma məktəb və universitetlərdə mədəni irs savadlılığının gücləndirilməsini, kulturoloqların təhsil və maarifləndirmə proqramlarına cəlb olunmasını, muzeylərlə davamlı əməkdaşlığı və gənclərin irsin qorunmasında praktik iştirakını tələb edir. Aydın ziyarət qaydaları, peşəkar nəzarət və məsuliyyət mexanizmləri də bu işi tamamlamalıdır. Biz abidələri bərpa edərkən onları qoruyacaq insanı da yetişdirməliyik. Əks halda, bərpaya çəkilən xərc tərbiyədə buraxılan boşluğun hesabını ödəməyə davam edəcək”.

 

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 12 Sentyabr 2026, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin