BURADA REKLAMINIZ OLA
BİLƏR

Ondan şikayət edən şəxsin qardaşını bıçaqlayan keçmiş məhkuma cəza verildi

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Ceyhun Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, təqsirləndirilən şəxs 2022-ci ildə S.S.-ə (adı, soyadı şərtidir) qarşı törətdiyi cinayət əməli ilə bağlı sonuncunun şikayəti əsasında məhkum edilməsini bəhanə edərək qisas almaq məqsədilə hərəkət edib.

 

Belə ki, Ceyhun Hüseynov 17 aprel 2025-ci il tarixdə saat 18:55 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Lerik Veri” kafesinin giriş hissəsinə gəlib. O, burada S.S.-in qardaşı olan zərərçəkmiş T.S.-in (adı, soyadı şərtidir) işlədiyi bərbərxanaya daxil olub. Ceyhun əvvəlcədən gödəkçəsinin sağ cibində gizlətdiyi mətbəx bıçağını çıxararaq sağ əlində nümayiş etdirib və zərərçəkmiş şəxsin üzərinə yeriyib.

 

Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb, zor tətbiq etməklə ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirib. O, bıçaqdan silah qismində istifadə edərək T.S.-in sol qoluna bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin sol said nahiyəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid edilən kəsilmiş yara xəsarəti yaranıb.

 

Hadisədən sonra Ceyhun Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb, müdafiəçinin apellyasiya şikayəti isə təmin edilməyib. Bundan sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 14 Sentyabr 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin