BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kapital Bank”la əlaqəli şəxslər bankda nə qədər depozit saxlayır? – Detallar

“Kapital Bank” ASC ilə aidiyyəti olan şəxslərin bankda saxladıqları depozitlərin ümumi həcmi 175,6 milyon manata yaxınlaşıb.

 

İyunun 30-na aidiyyəti şəxslərə məxsus 469 müddətli depozit üzrə 118 milyon 772 min manat, 3 347 tələbli depozit üzrə isə 56 milyon 792 min manat vəsait bankda saxlanılıb.

 

Beləliklə, “Kapital Bank”la əlaqəli şəxslərin bankdakı müddətli və tələbli depozitlərinin ümumi məbləği 175 milyon 564 min manat təşkil edib.

 

Hesabata əsasən, Bank üzrə ümumilikdə 2 027 aidiyyəti şəxs müəyyən edilib. Onların 1 962-si fiziki, 65-i isə hüquqi şəxsdir. Aidiyyəti şəxslər sırasına bankın inzibatçıları və onlara yaxın qohumlar, struktur bölmələrinin rəhbərləri və onlara yaxın qohumlar, eləcə də digər aidiyyəti şəxslər daxildir.

 

Hesablamaya görə, aidiyyəti şəxslərin ümumi sayı nəzərə alınmaqla, orta hesabla bir əlaqəli şəxsin payına təxminən 86,6 min manat depozit düşür. Bu, sadə orta göstəricidir və ayrı-ayrı şəxslərin bankda saxladıqları vəsaitin məbləğinin fərqli ola biləcəyini nəzərə almaq lazımdır.

 

Maraqlıdır ki, aidiyyəti şəxslərin Bankdakı depozitlərinin həcmi onların Bank qarşısındakı kredit və qarantiya öhdəliklərindən xeyli çoxdur. Belə ki, həmin şəxslərlə bağlı kredit və kredit xətlərinin qalığı 19 milyon 458 min manat, qarantiya öhdəlikləri isə 1 milyon 304 min manat olub. Beləliklə, ümumilikdə 20,8 milyon manatlıq kredit və qarantiya öhdəliyi ilə müqayisədə aidiyyəti şəxslərin depozitləri təxminən 8,5 dəfə çoxdur.

 

İyunun 30-na “Kapital Bank”ın ümumi depozit portfeli təxminən 9,95 milyard manat təşkil edib. Bunun 3,71 milyard manatı fiziki, 6,24 milyard manatı isə hüquqi şəxslərin depozitlərinin payına düşüb. Aidiyyəti şəxslərin 175,6 milyon manatlıq depozitləri Bankın ümumi depozit portfelinin təxminən 1,8%-nə bərabərdir.( Plat.az)

Tarix: 14 Sentyabr 2026, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin