BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-dən aktrisaya CAVAB

Xəbər verdiyimiz kimi, tanınmış aktrisa Könül Yusifqızı Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 4 nömrəli uşaq poliklinikasında qarşılaşdığı problemlə bağlı narazılığını bildirib. O sistemin işləmədiyini, müayinə cavabını almaq üçün günlərlə gözləmək məcburiyyətinin yarandığını, “wi-fi” olmadığını qeyd edib.

 

Məsələ ilə bağlı TƏBİB-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2009-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) “Forma-086” tibbi arayışının alınması ilə bağlı 07.09.2026-cı il tarixdə saat 08:35-də Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 4 nömrəli Uşaq Poliklinikasına müraciət edib. Məlumatda qeyd edilib ki, saat 09:00-da qan müayinəsi üçün ondan nümunə götürülüb, həmçinin digər analiz nümunələri laboratoriyaya təhvil verilib.

 

“Tibb müəssisəsində həkim-otorinolarinqoloqun olmaması, həkim-cərrahın isə məzuniyyətdə olması səbəbindən vətəndaşa müvafiq müayinələrin aparılması üçün Zığ Sağlamlıq Mərkəzinə göndəriş verilib. Qanın ümumi analizinin nəticələri sözügedən tarixdə saat 13:18-də təsdiq edilib. Digər analizlərin nəticələrinə də həmin tarixdə baxılıb, nəticələr 08.09.2026-cı il tarixində elektron sistemə daxil edilib. Nəticələr 09.09.2026-cı il tarixində saat 10:16-da təsdiq edilib, lakin qeydiyyat sistemində əks olunmayıb. Əlavə olaraq bildiririk ki, vətəndaş 08.09.2026-cı il tarixində poliklinikaya müraciət etməyib. Pasiyentin valideyni 09.09.2026-cı il tarixində saat 12:40 radələrində tibb müəssisəsinə müraciət edərək qeydiyyat şöbəsində analiz nəticələrinin sistemdə görünmədiyini bildirib. Valideynin narazılığı nəzərə alınıb və analiz nəticələri vətəndaşın “MyGov” mobil tətbiqi vasitəsilə yoxlanılıb. Əldə edilmiş nəticələr əsasında “Forma-086” tibbi arayışı həmin gün saat 13:18-də imzalanaraq vətəndaşa təqdim edilib”,-bildirilib.

 

Şəhanə Qədirli

Tarix: 14 Sentyabr 2026, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin