BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Başları pul qazanmağa qarışıb, millətin dərdi bunları o qədər də maraqlandırmır”

“Şəhərdəki tıxaclar illər uzundur ki, müzakirə mövzusudur. Əlbəttə, burada obyektiv hallar da var. Məsələn, avtomobillərin sayının həddindən çox olması, əhalinin sayının artması... Amma nəzərdə tutulmayan süni hallar daha çoxdur. Pərakəndə halda binaların tikilməsi, hamısının parkinqlə təmin olunmaması, yolların genişləndirilməməsi və avtomobil sayına uyğunlaşdırılmaması və sairə. İndi tədris ili başlayıb, həmçinin Nazirlər Kabinetinə təklif verilib ki, iş saatı 09:00-dan deyil, 08:00-dan, yaxud 08:30-dan başlasın. Guya bu, tıxacların qarşısını ala bilər. Ola bilsin ki, bu qərar tıxaclara müəyyən qədər təsir etsin, amma ciddi təsir edəcəyinə inanmıram. Bu gündən eksperiment kimi iş saatı belə başlayacaqdı, lakin aldığım məlumatlara əsasən, heç bir dəyişiklik yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

 

T.Kərimli qeyd edib ki, Bakı şəhərinin yükü həddindən artıqdır: “İranda, Türkiyədə, Amerikada da tıxacları müəyyən qədər müşahidə etmişəm. Bir şey də var ki, Bakıda bəzi tədbirlər görülür, nəyə lazımdır ki, velosiped xidməti cüzi olduğu halda yolun bir zolağını yalnız velosiped üçün ayırasan? Əlbəttə ki, bu, tıxacları artıracaq. Yaxud avtobus tək-tək getdiyi halda böyük bir zolağı avtobus üçün saxlayasan, avtomobillərin hərəkətini qadağan edəsən. Nə üçün tədris müəssisələrinin çoxu şəhərdən kənara köçürülmür? Sənaye müəssisələri də buna aiddir. Axı bu, illərdir, müzakirə mövzusudur. Açıq danışacağam, başları özləri üçün pul qazanmağa qarışıb, millətin dərdi bunları o qədər də maraqlandırmır. Bəlkə, özləri tıxacda ilişsələr, təsir edər. Çünki beyinlərində millət, xalq üçün bir dənə də fikir yoxdur. Ancaq fikir budur ki, görüm haradan nə qədər qazana, mənimsəyə bilərəm, ona görə də belə vəziyyət yaranıb. Xalqın ürəyində bu, böyük bir ağrıdır. Nə qədər deyirsən, yadlarına salırsan, yeri gələndə, ağsaqqal kimi öyüd-nəsihət verirsən. Kimə deyirsən? Belə halların qarşısı qəti şəkildə alınmalıdır. Bir dəfə dedilər ki, guya həftənin cüt günləri nömrəsi təkrəqəmli olan maşınların hərəkətinə icazə verilməyəcək. Gah da dedilər ki, rayon maşınları şəhərə buraxılmayacaq. Süni maneələrlə yox, problemi kökündən həll etmək lazımdır. Plansız evlər qəti qadağan olunmalıdır. Hələ indi Bakının Baş Planı hazırlanır. Nə mənası var? Yaman günə qoyandan sonra... Görürük, yağış yağanda bütün kanalizasiyalar dolur... Bəs bilmirdiniz ki, qanunsuz, plansız bu qədər böyük binalar tikəndə belə olacaq? Yolda sıxlıq olacaq, maşınlar istədikləri yerdə saxlayacaqlar...”

 

Aytəkin Qardaşova

Tarix: 15 Sentyabr 2026, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin