BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Muradov: “Diplomatların gördüyü mənzərəyə etiraz edənlər Azərbaycanın gələcəyini mübahisələndirə bilməzlər”

“Bir səfər bəzən illərlə qurulmuş siyasi təsviri bir neçə saatda sarsıdır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri də belə oldu. 58 ölkə və 9 beynəlxalq təşkilatdan gələn 150 nümayəndə Xankəndidə, Şuşada, Ağdərədə və Kəlbəcərdə müharibədən sonra qurulan həyatı, bərpa edilən şəhərləri və qorunan dini abidələri öz gözü ilə gördü. Bu, sayca 22-ci səfər idi. Azərbaycan həmin ərazilərdə gördüyü işi beynəlxalq müşahidəyə açıq saxladığını bir daha nümayiş etdirdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.

 

R.Muradov bildirib ki, əsl mübahisə diplomatların hansı ünvana getməsi ətrafında yaranmayıb: “Problem bəzi erməni dairələrinin Azərbaycanın suverenliyini hüquqi fakt kimi qəbul etdiyi halda, bunun gündəlik siyasi mənası ilə barışmaq istəməməsidir. Qarabağ üzrə qərarı Bakı verir. Xarici nümayəndələrin Gəncəsər və Xudavəngi ziyarət etməsinə etiraz etmək Azərbaycana öz ərazisində necə davranmalı olduğunu öyrətmək cəhdidir. Belə münasibət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə mövqeyini də məzmunsuzlaşdırır. Tarixi abidələrin yenidən ərazi iddiasına çevrilməsi ayrıca diqqət tələb edir. Xristian abidəsinin mövcudluğunu erməni ərazi iddiasının sübutu kimi təqdim edib Qafqaz Albaniyası qatını inkar etmək elmi yanaşmadan uzaqdır. Bu, keçmiş iddianın mədəni müstəviyə köçürülmüş formasıdır. Azərbaycan öz ərazisindəki bütün dini abidələri dövlətin qoruma məsuliyyəti daxilində mühafizə edir”.

 

Deputatın sözlərinə görə, Ermənistanda azərbaycanlıların əsrlər boyu yaratdığı məscidlərin, qəbiristanlıqların və yaşayış yerlərinin izləri silinib: “Mədəni irsin qorunması həqiqətən universal prinsipdirsə, 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müəyyənləşdirdiyi meyarlar Qərbi Azərbaycandakı irsimizə də eyni ölçüdə tətbiq olunmalıdır. Hakimiyyətə yaxın erməni resurslarının bu kampaniyaya qoşulması məsələni ictimai narazılıq çərçivəsindən çıxarır. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın Azərbaycanla bağlı bir çox məsələnin erməni cəmiyyətini qıcıqlandıracağını söyləməsi, parlamentdə 12–13 sentyabr 2022-ci il hadisələrində həlak olmuş hərbçilərin birtərəfli təqdimat fonunda anılması göstərir ki, İrəvanın sülh dili ilə daxili siyasi yaddaşı arasında məsafə qalır. Sülh yalnız silahların susması ilə tamamlanmır. Onun yaşaması üçün cəmiyyət də qonşu dövlətin sərhədlərinə, tarixinə və suveren hüquqlarına hörmət etməyi qəbul etməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ məsələsini həm döyüş meydanında, həm də siyasi-hüquqi müstəvidə həll edib. İndi həmin torpaqlarda şəhərlər salınır, yollar çəkilir, insanlar öz yurdlarına qayıdırlar. Qənaətimcə, diplomatların gördüyü bu mənzərəyə etiraz edənlər Azərbaycanın gələcəyini mübahisələndirə bilməzlər. Onlar yalnız öz siyasi düşüncələrinin hələ də 2020-ci ildən əvvəlki xəritədə qaldığını göstərirlər”.

 

Şəhanə Qədirli

Tarix: 15 Sentyabr 2026, 16:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin