BURADA REKLAMINIZ OLA
BİLƏR

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO

Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

 

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

 

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

 

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

12:05

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Paytaxtdan səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

 

Pravda.az xəbər verir ki, bu gün Cəbrayılın Şükürbəyli kəndi 9 ailə olmaqla daha 60 nəfərə qucaq açıb. Kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.

 

Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib.

 

Bununla yanaşı, kənddə 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

 

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin - 615 ailənin köçürülməsi nəzərdə tutulur.

 

 

Fotoları təqdim edirik
Tarix: 30 Sentyabr 2026, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin