BURADA REKLAMINIZ OLA
BİLƏR

Evdə üz pilinqi necə hazırlanır? – Dəriyə parlaqlıq verən 4 resept

Dəriyə qulluq zamanı üz pilinqindən istifadə ölü dəri hüceyrələrinin təmizlənməsinə və dərinin daha təravətli görünməsinə kömək edə bilər.

 

Pravda.az bildirir ki, bunun üçün bahalı məhsullardan istifadə etmək mütləq deyil. Evdə olan sadə məhsullardan istifadə etməklə də üz üçün müxtəlif pilinqlər hazırlamaq mümkündür.

 

Üz dərisini pilinq edərkən sərt və kəskin tərkibli məhsullardan istifadə etməmək məsləhət görülür. Xüsusilə iri hissəciklər dərini qıcıqlandıra və zədələyə bilər. Daha yumşaq tərkibli yulaf əzməsi kimi məhsullara üstünlük vermək tövsiyə olunur.

 

Yulaf və ballı pilinq

 

Bu pilinqi hazırlamaq üçün 1 xörək qaşığı incə üyüdülmüş yulaf əzməsi, 2 çay qaşığı qəhvəyi şəkər, 1 çay qaşığı bal və 2-4 xörək qaşığı zeytun yağı qarışdırılır. Hazırlanan qarışıq üzə yüngül, dairəvi hərəkətlərlə çəkilir və daha sonra ilıq su ilə yuyulur.

 

İtburnulu pilinq

 

Yarım çay qaşığı itburnu tozu yarım çay qaşığı bal ilə qarışdırılır. Alınan qarışıq üzə yumşaq hərəkətlərlə tətbiq edilir və ilıq su ilə təmizlənir.

 

Quru dəri üçün pilinq

 

Quru dəri üçün yarım çay qaşığı toz halına salınmış qızılgül ləçəyi, yarım çay qaşığı incə üyüdülmüş yulaf və 1 çay qaşığı bal qarışdırılır. Daha sonra az miqdarda su əlavə edilərək məcun halına gətirilir. Qarışıq üzə yüngül hərəkətlərlə çəkilir və ilıq su ilə yuyulur.

 

Sızanağa meyilli dəri üçün pilinq

 

Bu resept üçün dörddə bir çay qaşığı darçın, yarım çay qaşığı sarıkök və yarım çay qaşığı itburnu tozu qarışdırılır. Üzərinə az miqdarda su əlavə edilərək məcun hazırlanır. Qarışıq dəriyə təxminən bir dəqiqə ərzində yüngül dairəvi hərəkətlərlə tətbiq olunur.

 

Ev şəraitində hazırlanan pilinqlər hər dəri tipinə uyğun olmaya bilər. Buna görə də qarışığı ilk dəfə istifadə etməzdən əvvəl dərinin kiçik hissəsində sınaqdan keçirmək məsləhətdir. Göz ətrafına, açıq yaralara və qıcıqlanmış dəriyə pilinq tətbiq etməkdən çəkinmək lazımdır.

 

Əminə Bayramova

Tarix: 1 Oktyabr 2026, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin