BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə yol mübahisəsinə görə kişini döyən şəxsin xuliqanlıq ittihamına bəraət verildi

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zahir İmanovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Əsgərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, hadisə 26 avqust 2024-cü ildə, saat 20 radələrində “Yevlax-Zaqatala-Gürcüstan” sərhəd avtomobil yolunun Şəki rayonu, Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində, “Kəndimiz” kafesinin yaxınlığında baş verib.

 

Belə ki, təqsirləndirilən şəxs həmin vaxt idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə magistral yolda hərəkətdə olub. Bu zaman Niyaməddin Hacızadənin (adı, soyadı şərtidir) idarə etdiyi “Volkswagen” markalı avtomobilin onun hərəkət istiqamətinə çıxması səbəbindən tərəflər arasında sözlü mübahisə yaranıb.

 

İttihamda göstərilib ki, Niyaməddin Hacızadə idarə etdiyi maşından düşüb. Bu zaman onları sakitləşdirməyə çalışan Ə.Məmmədov hadisəyə müdaxilə edib. Buna baxmayaraq, Zahir İmanov Ə.Məmmədovun ünvanına təhqiramiz ifadələr işlədib və nalayiq söyüşlər söyüb.

 

Daha sonra o, Ə.Məmmədova fiziki zor tətbiq edərək baş və əl zərbələri ilə sifət və alın nahiyəsinə çoxsaylı zərbələr vurub.

 

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs ətrafdakı insanların olmasına əhəmiyyət vermədən yüksək səslə nalayiq ifadələr işlədib və fiziki zor tətbiq etməklə ictimai qaydanı kobud şəkildə pozub. Nəticədə Zahir İmanov Ə.Məmmədova müxtəlif xəsarətlər yetirib.

 

Təqsirləndirilən şəxsə ilkin olaraq Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü maddəsi – xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və 221.1-ci maddəsi – xuliqanlıq üzrə ittiham verilib.

 

Şəki Rayon Məhkəməsi isə Zahir İmanovun CM-in 127.2.3-cü maddə ilə ittiham olunduğu əməlini həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edib. Məhkəmə daha sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarının 4 və 5.1-ci bəndlərini tətbiq edib. Bununla da təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və həmin hissədə iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri də ləğv edilib. Bununla yanaşı, məhkəmə xuliqanlıq ittihamı ilə bağlı ayrıca hüquqi qiymətləndirmə aparıb. Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilib.

 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 2 Oktyabr 2026, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin