BURADA REKLAMINIZ OLA
BİLƏR

Dələduzluğa görə həbsdə olmuş keçmiş müəllimdən xəbər var

Bakıda dələduzluqda təqsirləndirilən Rüstəm Məhərrəmovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 7-nə təyin edilib.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama əsasən, Rüstəm Məhərrəmov özünü nüfuzlu və işgüzar şəxs, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək zərərçəkmiş Məlahət Kamalovanın (adı, soyadı şərtidir) etibarını qazanıb. O, zərərçəkmiş şəxsə övladına II qrup əlillik təyin etdirilməsi və sosial müavinət alınmasına köməklik göstərə biləcəyini vəd edib. Bu məqsədlə 13 000 manat məbləğində pul tələb edərək, vədinə inandırmaqla qadını aldadıb.

 

Beləliklə, 21 aprel 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla Məlahət Kamalova tərəfindən onun bank hesabına ümumilikdə 12 300 manat pul köçürülüb. Bundan əlavə, 10 may 2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “LeoBank” mobil tətbiqi vasitəsilə digər şəxsə məxsus bank kartına əlavə olaraq 700 manat vəsait göndərilib.

 

Nəticədə, təqsirləndirilən şəxs ümumilikdə 13 000 manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub. Onun bu hərəkətləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə – dələduzluq, yəni xeyli miqdarda ziyan vurmaqla törədilmiş əməllər kimi qiymətləndirilib.

 

Məhkəmə iclasında Rüstəm Məhərrəmov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, əlavə olaraq ifadəsində 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin bakalavr pilləsini bitirdiyini və 2009-cu ildən 2020-ci ilədək Sabirabad rayon orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işlədiyini söyləyib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarı tətbiq edilməklə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət iş üzrə icraata xitam verilib. Rüstəm  Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.

 

Qeyd: Rüstəm Məhərrəmov 2021-ci ildə dələduzluqda təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum olunub, Xəzər rayon Məhkəməsinin qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb. Rüstəm Məhərrəmovun cəzası çəkmiş hesab olunub.

 

Kamal Məmmədov

Tarix: 6 Oktyabr 2026, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin