BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: “İqtidar, hökumət düşünməlidir ki, niyə insanlar problemləri üçün bloqerlərə müraciət edirlər”

Son zamanlar sosial şəbəkələrdə qazilərin ehtiyacları üçün bloqerlərdən yardım istəməsinə dair video görüntülər yayılır. Bu isə birmənalı qarşılanmır. Onların bu addımını zərurət adlandıranlarla yanaşı, tənqid edənlər də kifayət qədərdir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, tək qazilər yox, bir çox insanlar bloqerlərə, sosial şəbəkədə populyar olan insanlara müraciət edirlər ki, onların bu və ya digər probleminnin həllində onlara yardım etsinlər və məsələni ictimailəşdirsinlər.

 

T.Abbaslı bildirib ki, həmin insanlar xalqa bloqerlər vasitəsi ilə müraciət edirlər: “Bir çox hallarda baxırsan ki, bu daha effektiv olur. Məsələn, elə xəstəlik növü var ki, müalicəsinin qiyməti milyonlarla manatdır. Baxıram xalq tərəfindən xeyli hissəsi toplanılır... Yəni belə müraciət effekt verir. Eynilə də qazilər, veteranlar olsun, onların bu və ya digər problemləri xalqın dəstəyi ilə daha effektiv həll olunur. Burada bloqerlər vasitəçi rolunda çıxış edir və real həllər tapılır. Ona görə insanlar mənasız yerlərə, nazirliklərin, dövlət qurumlarının qapılarında günlərini, saatlarını keçirib mənasız vaxt itirib, imtina cavabı almaqdansa, elə sosial şəbəkələrə müraciət edib işlərinin həllinə çalışırlar. Bunu hakimiyyət, iqtidar, hökumət düşünməlidir ki, biz niyə vəziyyəti o hala gətirmişik ki, insanlar hökumətə yox, sosial mediaya, bloqerlərə müraciət edirlər. Xalq dolayı yolla öz yarasını sağaldır. Əslində bloqerlər onlara yardım etmir, sadəcə dərdini xalqa çatdırır və xalq bu prosesdə iştirak edir. Düşünürəm ki, iqtidar bu məsələni düşünməlidir və bu sahədəki boşluqları doldurmalıdır. Bu və ya digər sahədə müalicəyə, təhsil haqqına, dolanışığa ehtiyacı olan insanlar birinci növbədə hökumətin qapısına getməlidir. Hökumət daha güvənilir olmalıdır, amma təəssüf ki, hələ ki elə deyil. Ona görə insanları da qınamaq olmur, qınamağın da yeri yoxdur. Çünki hər insan problemlərinin həllini və normal yaşamağını istəyir”.

 

Şəhanə Qədirli

Tarix: 8 Oktyabr 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin