BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan haqqında real təsəvvür yaratmaq üçün siyasi şablonlara deyil, faktlara və reallığa baxmaq lazımdır - RƏY

Azərbaycanın adının hər hansı beynəlxalq araşdırmada hallandırılması ilə bağlı məsələlərdə obyektivlik və hüquqi prinsiplər əsas götürülməlidir. Buna baxmayaraq, təəssüf ki, bəzi Avropa siyasi dairələrinin və təsisatlarının Azərbaycana münasibətdə nümayiş etdirdikləri yanaşma bu prinsiplərlə hər zaman uzlaşmır. Almaniyanın “Der Spiegel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını gündəmə gətirməsi və rəsmi Bakının buna etiraz bildirməsi də bir daha göstərir ki, ölkəmizlə bağlı iddialara münasibətdə faktlara əsaslanmaq və məsuliyyətli davranmaq vacibdir. Azərbaycan müstəqil siyasət yürüdən, öz milli maraqlarını rəhbər tutan suveren dövlətdir. Ölkəmizin qərarları hər hansı xarici gücün diktəsi ilə deyil, məhz Azərbaycanın milli maraqları və dövlətçilik prioritetləri əsasında qəbul olunur. Buna baxmayaraq, bəzi Avropa təsisatlarının baş verən hadisələri dərhal Azərbaycanla əlaqələndirməyə, ölkəmiz əleyhinə siyasi qiymətləndirmələrə və qətnamələrə yol açmağa meyilli olmaları ikili standartlardan və qərəzli yanaşmadan xəbər verir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova deyib ki, son dövrlər Avropanın bəzi media və siyasi dairələrində belə bir yanaşma formalaşıb: Azərbaycanda baş verən və ya Azərbaycanın heç bir birbaşa əlaqəsi olmayan hadisə ilə bağlı hansısa iddia ortaya çıxan kimi ilk növbədə Azərbaycanla əlaqə axtarılır.

Kəmalə Məmmədova: Bakı ilə İrəvan arasında dialoqun qurulmasında medianın  rolu vacibdir | 1news.az | Xəbərlər

K.Məmmədova bildirib ki, bu, artıq təsadüfi yanaşma təsiri bağışlamır və ciddi suallar doğurur: ““Der Spiegel”in sabiq BND rəhbəri August Hanninglə bağlı araşdırma çərçivəsində Azərbaycanı bu məsələyə bağlayan məlumatı da bu kontekstdə qiymətləndirmək lazımdır. Əgər söhbət hüquq-mühafizə orqanlarının təsdiqlədiyi konkret faktdan yox, media mənbələrinə istinad edən iddiadan gedirsə, Azərbaycanı istintaqın mümkün iştirakçısı kimi təqdim etmək nə dərəcədə əsaslıdır? Xüsusilə, təhlükəli məqam ondan ibarətdir ki, əvvəlcə anonim və ya adı açıqlanmayan mənbələrə əsaslanan bir iddia mediada yayılır, daha sonra həmin məlumat digər media qurumları tərəfindən istinad edilərək dövriyyəyə buraxılır və nəticədə ilkin iddia sanki artıq təsdiqlənmiş fakt kimi təqdim olunur. Bu, informasiya istehsalı deyil, informasiya illüziyası yaratmaqdır. Əgər Almaniyanın istintaq orqanlarının rəsmi açıqlamalarında Azərbaycanın bu işdə iştirakı təsdiqlənməyibsə, onda Azərbaycan adının bu qədər rahat şəkildə gündəmə gətirilməsinin məqsədi və mənbəyi ciddi şəkildə sorğulanmalıdır. Jurnalistikanın əsas prinsiplərindən biri məhz budur: iddia fakt deyil və “mənbələr bildirir” ifadəsi heç vaxt sübutun yerini tuta bilməz. Təəssüf ki, bu, Azərbaycana münasibətdə ilk belə nümunə deyil. Son illərdə müxtəlif Avropa siyasi və media dairələrində Azərbaycanın adı çoxsaylı proseslərdə tez-tez eyni sxem üzrə hallandırılır. Hadisənin Azərbaycanla real əlaqəsi olub-olmamasından əvvəl sanki Azərbaycanla əlaqə yaratmaq üçün əsas axtarılır. Daha sonra isə həmin əlaqə üzərindən siyasi nəticələr çıxarılır və Azərbaycan haqqında müəyyən stereotiplər möhkəmləndirilir. Burada artıq yalnız jurnalistikanın peşəkar standartlarından deyil, daha geniş siyasi yanaşmadan danışmaq lazım gəlir. Azərbaycana qarşı yanaşmada ikili standartların mövcudluğu uzun müddətdir, müşahidə olunur. Azərbaycan hər hansı müstəqil qərar qəbul etdikdə və ya milli maraqlarına uyğun siyasət həyata keçirdikdə arxasında mütləq hansısa xarici gücün dayandığını axtarmaq cəhdləri də bunun bir hissəsidir. Halbuki Azərbaycan öz xarici siyasətini özü müəyyən edən dövlətdir. Azərbaycanın milli maraqları var və ölkə qərarlarını hansısa xarici dövlətin, siyasi mərkəzin və ya institutun diktəsi ilə qəbul etmir. Azərbaycanın müstəqil mövqeyinin bəzi dairələri narahat etməsi həmin mövqenin xaricdən idarə olunduğu anlamına gəlmir. Eyni yanaşmanı Avropa institutlarının Azərbaycanla bağlı müxtəlif qətnamə və bəyanatlarında da görmək mümkündür. Bəzən faktlar və kontekst tam araşdırılmadan Azərbaycan haqqında əvvəlcədən müəyyənləşdirilmiş siyasi çərçivə yaradılır, sonra isə həmin çərçivəyə uyğun arqumentlər toplanır. Bu, obyektiv yanaşma deyil. Azərbaycanın Almaniyanın “Der Spiegel” nəşrində yayılan məlumatla bağlı rəsmi etirazını da məhz bu baxımdan qiymətləndirirəm”.

 

K.Məmmədova deyib ki, dövlət öz adı və nüfuzu ilə bağlı əsassız və ya təsdiqlənməmiş iddialara cavab vermək hüququna malikdir: “Diplomatik etirazın özü də bu məsələyə verilən adekvat reaksiyadır. Məncə, burada Avropa mediasına çox sadə bir sual ünvanlamaq lazımdır: Azərbaycanla bağlı hər hansı iddianı dərc etməzdən əvvəl onu təsdiqləyən faktlar varmı, yoxsa Azərbaycan adı sadəcə müəyyən siyasi narrativə uyğun gəldiyi üçün materiala əlavə olunur? Azərbaycan artıq öz mövqeyini kifayət qədər aydın şəkildə ortaya qoyub. Ölkə heç bir xarici mərkəzin siyasi ssenarisi ilə hərəkət etmir və öz milli maraqlarından çıxış edir. Bunu qəbul etmək istəməyənlər Azərbaycanı hər dəfə hansısa xarici təsirin, gizli razılaşmanın və ya şübhəli prosesin içərisində göstərməyə çalışa bilərlər. Amma bu, reallığı dəyişmir. Əksinə, belə yanaşmalar ilk növbədə həmin iddiaları irəli sürənlərin özünün obyektivliyinə və motivlərinə sual yaradır. Azərbaycanın adını hər hadisəyə əlavə etməklə ölkənin siyasətini izah etmək mümkün deyil. Azərbaycan haqqında real təsəvvür yaratmaq üçün əvvəlcədən hazırlanmış siyasi şablonlara deyil, faktlara və reallığa baxmaq lazımdır".

 

Politoloq Rəşad Bayramov isə xatırladıb ki, August Hanning 1998–2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinə rəhbərlik edib:

Xaricdən gələn təxribatçı qüvvələrin qarşısını almaq iqtidarındayıq - RƏY  Pravda.az

“O, hazırda məxfi məlumatların əldə edilməsi və casusluqla bağlı istintaq çərçivəsində həbs olunub. Almaniya prokurorluğunun açıqladığı ittihamların əsas hissəsi onun keçmiş BND əməkdaşı vasitəsilə çoxsaylı məxfi sənədlər əldə etməsi ilə bağlıdır. Xüsusi olaraq qeyd edim ki, Azərbaycan tərəfinin bu işə bağlılığı rəsmi istintaq məlumatlarında təsdiqlənməyib. Ona görə də “Der Spiegel”in yaydığı iddialardan sonra Azərbaycanın adının beynəlxalq media resurslarında geniş şəkildə dövriyyəyə buraxılması haqlı olaraq rəsmi Bakının sərt reaksiyasına səbəb olub. Azərbaycan diplomatik və xüsusi xidmət kanalları vasitəsilə Almaniya Kanslerinin ofisinə və Xarici İşlər Nazirliyinə etirazını çatdırıb. Eyni zamanda Azərbaycan Media və Yayım Şurası məlumatların rəsmi mənbəyə istinad edilmədən fakt kimi təqdim edilməsini tənqid edib və iddiaları əsassız hesab etdiyini bildirib. Burada əsas məsələ yalnız konkret jurnalist materialının doğruluğu deyil. Hadisə Azərbaycanın beynəlxalq informasiya məkanında necə təqdim olunması məsələsini yenidən gündəmə gətirir. Məlumdur ki, son illərdə Azərbaycanla bağlı Avropa media və siyasi dairələrində müxtəlif məsələlərə dair tənqidi materiallar dərc olunub və şübhə yoxdur ki, indi bu şəkildə informasiyalar da ümumi kampaniyanın tərkib hissəsi və davamıdır. Görünən odur ki, hansısa dairələr hələ də Azərbaycanın müstəqil xarici siyasət kursunu və milli maraqlar əsasında müstəqil qərarvermə prinsipini həzm edə bilmirlər. Bu dairələr hələ də dərk etmək istəmirlər ki, Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlər qursa da, lakin konkret məsələlər üzrə öz mövqeyini ayrıca formalaşdırır. Bu yanaşma Almaniya ilə münasibətlərə də aiddir. Təsadüfi deyil ki, 2026-cı ilin iyulunda Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq gündəliyinə dair Birgə Bəyannamə qəbul edilib və tərəflər siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini təsdiqləyiblər. Bütün bunlara baxmayaraq mən Azərbaycanın hazırkı etirazını Almaniyaya qarşı siyasi qarşıdurma kimi deyil, konkret iddianın rəsmi şəkildə aydınlaşdırılmasına yönəlmiş diplomatik addım kimi qiymətləndirərdim. Əgər hər hansı ciddi ittiham irəli sürülürsə, onun mənbəyi, sübut bazası və hüquqi statusu aydın şəkildə ortaya qoyulmalıdır. Jurnalist araşdırmasında anonim mənbələrə əsaslanan ehtimalların sonrakı media tirajı nəticəsində təsdiqlənmiş fakt təsiri yaratması isə ayrıca informasiya problemi yaradır. Odur ki, Hanning işi Azərbaycanın xarici siyasətinin mahiyyətini dəyişmir. Azərbaycan müxtəlif tərəfdaşlarla münasibətlərini inkişaf etdirərkən öz milli maraqlarını əsas götürmək xəttini davam etdirir. Almaniya ilə strateji gündəliyin mövcudluğu da bunu göstərir”.

 

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 9 Oktyabr 2026, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin