BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan Türkiyə münasibətləri, ayrı-ayrı informasiya manipulyasiyalarından daha güclü təmələ söykənir”

“Azərbaycan Türkiyə arasındakı münasibətlər sadəcə iki dövlətin siyasi əlaqələrindən ibarət deyil. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, eyni zamanda qarşılıqlı etimada və xalqlarımızın qardaşlığına əsaslanır. Belə bir münasibətə xələl gətirməyə yönələn istənilən cəhdə qarşı ayıq-sayıq olmaq çox vacibdir. Media və sosial şəbəkələrdə vahid geyim formasından istifadə etməklə Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması iddialarına gəlincə, bu kimi məsələlərə faktlar əsasında yanaşılmalı, yayılan məlumatların hardan qaynaqlandığı, hansı mənbənin bu məlumatı bu şəkildə təqdim etməsi və bir sıra araşdırmağa zəruri olan məsələlərə diqqətlə yanaşılmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

 

S.Vəliyevin sözlərinə görə, hər hansısa media orqanı və ya informasiya resursu bilərəkdən yanlış məlumat yayırsa, buna qarşı ən düzgün mövqe faktlarla çıxış etmək, həqiqəti ictimaiyyətə çatdırmaq və dezinformasiyanın yayılmasının qarşısını almaqdır: “Biz unutmamalıyıq ki, Azərbaycan Türkiyə arasındakı münasibətlər sadəcə iki dövlətin münasibəti prizmasından baxılması doğru olmaz. Ayrı-ayrı şəxslərin və media subyektlərinin mövqeyi bütövlükdə təbii ki, Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilməməlidir. Türkiyədə də Azərbaycanın haqq işini dəstəkləyən, qardaşlıq münasibətlərinə böyük önəm verən çoxsaylı insanlar və media nümayəndələri var”.

 

Millət vəkili vurğulayıb ki, bu cür dezinformasiya məlumatlarının yayılması birinci növbədə iki ölkə arasında qarşılıqlı etimadı sarsıtmaq məqsədi daşıyır: “Bu səbəbdən həm Azərbaycan, həm Türkiyə ictimaiyyəti belə hallara qarşı çox diqqətli olmalı, təxribatlara uymamalı, emosiyalara deyil faktlara əsaslanmalıdır. Azərbaycan Türkiyə münasibətləri, qardaşlığı ayrı-ayrı informasiya manipulyasiyalarından daha güclü təmələ söykənir. Bu münasibətlərin qorunması hər iki ölkənin vətəndaşlarının, ziyalılarının, media mənsublarının ortaq məsuliyyətidir. Ən vacibi təbii ki, heç bir yanlış məlumatın xalqlarımızın bir-birinə olan etimadını və qardaşlıq bağlarına xələl gətirməməsidir. Əminəm ki, hər hansı manipulyator, dezinformasiya Azərbaycan Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirə bilməz”.

 

Şəhanə Qədirli

Tarix: 13 Oktyabr 2026, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin