BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xalq və dövlət, xalq və Prezident arasında hər hansı gərginliyin yaradılmasına cəhd mənasızdır”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Samir Vəliyev vahid məktəbli forması ilə bağlı narazılıqlar fonunda keçirilən aksiyaların radikal müxalifət tərəfindən hakimiyyət və xalq arasında narazılıq kimi qələmə verilməsinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, məsələyə siyasi proseslərin mahiyyəti və cəmiyyətdəki real vəziyyət baxımından yanaşmaq lazımdır.

 

Samir Vəliyev vurğulayıb ki, kiçik etiraz aksiyalarını bütövlükdə xalqın mövqeyi, narazılığı imiş kimi ümumxalq narazılığı səviyyəsinə qaldırmaq düzgün yanaşma deyil: “Bu gün biz prosesləri müşahidə edərək şahidi oluruq və görürük ki, ayrı-ayrı etirazları faktiki Azərbaycana düşmən kəsilmiş dairələr süni şəkildə ümumxalq qarşıdurması kimi təqdim etməyə çalışırlar. Həmin qüvvələr baş verən kiçik hadisələri şişirtməyə, emosional ritorikadan istifadə etməyə, cəmiyyətdə gərginlik yaratmağa can atırlar. Belə dairələr anlamalıdırlar ki, Azərbaycan xalqı 2020-ci ildə öz Prezidentinə inanaraq, onunla bir yumruq kimi birləşib düşməni 44 gün ərzində öz dədə-baba torpaqlarından qovdu və bütün ərazilərimizdə suverenliyimizi bərpa etdi. Bu müharibənin qalibiyyətinin əsasını təşkil edən amillərdən biri də məhz xalq və Prezident arasında birliyin, eyni zamanda düşmənə qarşı qətiyyətin ifadəsi idi. Sözügedən dairələr başa düşməlidirlər ki, Azərbaycan xalqı öz ölkə Prezidenti ilə bütün məsələlərdə olduğu kimi bu məsələdə də vahid yanaşma sərgiləyir. Xalq və dövlət, xalq və Prezident arasında hər hansı gərginliyin yaradılmasına cəhd mənasızdır, həmçinin heç bir fayda verməyəcək. Bu gün Azərbaycan cəmiyyəti sağlam cəmiyyətdir və sağlam cəmiyyətə xas olan xüsusiyyətlərə malikdir. Azərbaycan vətəndaşı 1990-cı illərin düşüncəsinə malik şəxs deyil. Qanunun aliliyini, dövlət və dövlətçiliyi qoruyaraq belə qüvvələrə qarşı daha da mübariz olmaq, birlik nümayiş etdirmək bu gün vacibdir. Hazırda ən doğru mövqe emosiyalara deyil, faktlara əsaslanmaqdan, cəmiyyətdə süni qarşıdurmanın yaranmasına imkan verməməkdən, bütün məsələlərin hüquqi çərçivədə həllinə nail olmaqdan ibarət olmalıdır. Azərbaycan cəmiyyəti belə təxribatlara münasibətdə ayıq-sayıqdır. Bu cür təxribatlara qarşı ciddi immunitetimiz formalaşıb. Xalq-dövlət arasında ciddi vahid mövqe olduğundan hər hansı qüvvələrin Azərbaycanda qarşıdurma yaratmaq cəhdləri uğursuz olacaq. Bu, birmənalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Oktyabr 2026, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin